İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ ilə davam edən danışıqlarda dondurulmuş İran aktivlərinin azad olunmasının əsas tələblərdən biri olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, yarı-rəsmi Mehr Xəbər Agentliyinə müsahibə verən Qəribabadi qeyd edib ki, ABŞ İranın maliyyə vəsaitlərini qanunsuz şəkildə dondurub və bəzi ölkələr də bu siyasətə qoşulub.
ABŞ ilə aparılan danışıqlara toxunan iranlı diplomat deyib:
“Dondurulmuş aktivlərin 50 faizi anlaşma memorandumu imzalanan kimi azad edilməlidir. Qalan hissə isə memorandum qüvvəyə mindikdən sonra məqbul müddət ərzində İrana köçürülməlidir. Bu vəsaitlər İran xalqına məxsusdur.”
Qəribabadi vurğulayıb ki, Tehranın əsas tələbləri arasında İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi və müharibələrin vurduğu zərərlərə görə kompensasiyanın ödənilməsi də yer alır.
Onun sözlərinə görə, bu məsələlərin hamısı mümkün anlaşma memorandumunda öz əksini tapmalıdır.
Aytən Yaşar/ Turkustan.az