CHP-də qurultay prosesi və partiya rəhbərliyi ilə bağlı müzakirələr davam edərkən, siyasi kulislərdə yeni partiya yaradılması ilə bağlı iddialar gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, CHP-nin gələcəkdə seçkilərdə iştirakına maneə yaranacağı təqdirdə alternativ variantlar üzərində işlədiyi bildirilir. İddialara əsasən, yaradılması nəzərdə tutulan yeni partiyanın adı “İstiqlal Partiyası” ola bilər.
Məlumata görə, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə partiyanın hazırkı sədri Özgür Özəlin komandaları arasında dialoq başlayıb. Tərəflər mövcud problemlərin həlli yollarını müzakirə etmək üçün nümayəndələr təyin ediblər.
Bildirilir ki, partiyanın tanınmış simaları Engin Altay, Gürsel Erol və Ali Öztunç da tərəflər arasında vasitəçilik fəaliyyətini davam etdirirlər.
Bununla belə, hər iki düşərgədə kompromisə yanaşmayan şəxslərin olduğu iddia edilir. Bu səbəbdən aparılan danışıqların hansı nəticə verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, “İstiqlal Partiyası”nın yaradılması ilə bağlı məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və hazırda yalnız siyasi kulislərdə səsləndirilən iddialar səviyyəsindədir.
Aytən Yaşar/ Turkustan.az