Fidan: Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətə qayıtmalıdır


Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkəyə rəsmi səfəri çərçivəsində həmkarı Xəlilur Rəhmanla görüş keçirib.

Turkustan.az xəbər verir ki, görüşdən sonra tərəflər birgə mətbuat konfransında çıxış ediblər.

Nazir Fidan çıxışında regional və qlobal məsələlərə toxunaraq, “Hörmüz boğazında müharibədən əvvəlki vəziyyətə qayıdılması zəruridir” ifadəsini işlədib.

Fidan Banqladeşdə 12 fevral 2026-cı ildə keçirilən seçkilər və referendumun ölkə üçün yeni mərhələnin başlanğıcı olduğunu vurğulayaraq bildirib:

“Sülh və sabitlik şəraitində keçirilən seçkilər və referendumdan sonra Banqladeş yeni bir dövrə qədəm qoyub. Türkiyə bu prosesi dəstəkləyib və bundan sonra da dəstəyini davam etdirəcək.”

Nazir qeyd edib ki, Xəlilur Rəhman vəzifəyə təyin olunduqdan sonra ilk rəsmi xarici səfərini Türkiyəyə edib. Onun sözlərinə görə, qarşılıqlı səfərlər və intensiv təmaslar iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.

Fidan bildirib ki, Türkiyə və Banqladeş arasında uzunmüddətli tərəfdaşlığın daha da dərinləşdirilməsi və strateji səviyyəyə yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ