Moskva 9 May paradı öncəsi Kiyevə sərt xəbərdarlıq etdi


Rusiya ilə Ukrayna arasındakı müharibədə gərginlik yenidən kritik həddə çatıb.

Turkustan.az xəbər verir ki, Moskva 9 May – Qələbə Günü tədbirləri zamanı Ukraynanın mümkün hücumlarına qarşı sərt xəbərdarlıqlar edib.

Rusiya Xarici İşlər Nazirliyi isə xarici diplomatik nümayəndəlikləri Kiyevdəki əməkdaşlarını təxliyə etməyə çağırıb. Kremlin bəyanatları müharibənin başlanmasından bəri Kiyevə ünvanlanan ən sərt diplomatik mesajlardan biri kimi qiymətləndirilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram-da yayımladığı açıqlamada bildirib ki, əgər Ukrayna Qələbə Günü tədbirlərini hədəfə alarsa, Rusiya ordusu Kiyevə qarşı “qaçılmaz cavab zərbəsi” endirəcək.

Zaxarova xarici diplomatik nümayəndəliklərə müraciətində qeyd edib ki, “diplomatik nümayəndəlik əməkdaşlarının vaxtında təxliyəsi təmin olunmalıdır”.

Rusiya mediasında çıxış edən bəzi şərhçilər bu açıqlamanın təkcə təhlükəsizlik xəbərdarlığı deyil, həm də Kiyevə və Qərbə yönəlmiş psixoloji təzyiq strategiyasının bir hissəsi olduğunu bildiriblər. Moskvanın təhlükəsizlik dairələrində isə 9 May bayramının Rusiya üçün “qırmızı xətt” hesab edildiyi vurğulanır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ