Hazırda Silivri həbsxanasında saxlanılan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun prezidentliyə namizədlik mövqeyi ilə bağlı fərqli iddialar irəli sürülüb.
Turkustan.az xəbər verir ki, TGRT Haber-də yayımlanan “Media Tənqid” proqramında çıxış edən jurnalist Can Özçelik bildirib ki, İmamoğlu CHP rəhbərliyi ilə təmaslarında Mansur Yavaş-ın namizədliyinə qarşı çıxmayıb, əksinə onu dəstəkləyib.
Proqramda iştirak edən TGRT Xəbərlərin Ankara təmsilçisi Fatih Atik isə bu iddianı dəstəkləyərək, İmamoğlunun həmin fikirləri təkcə partiya daxilində deyil, müxtəlif siyasi partiya nümayəndələri ilə görüşlərdə də səsləndirdiyini iddia edib. Onun sözlərinə görə, İmamoğlu “Mən Özgür Özələ də dedim. CHP-nin namizədi Mansur Yavaş olmalıdır, mən Mansuru dəstəkləyirəm” ifadəsini işlədib.
Digər tərəfdən, İmamoğlunun həbsdə qalacağı təqdirdə CHP sədri Özgür Özəlin prezidentliyə namizədliyinin gündəmə gələ biləcəyi də siyasi dairələrdə müzakirə olunur. Lakin iddialara görə, İmamoğlu Özelin namizədliyinə isti yanaşmır.
Bu iddialar Türkiyədə prezident seçkiləri ilə bağlı namizədlik müzakirələrinə yeni bir istiqamət qazandırıb.
Aytən Yaşar/ Turkustan.az