Tramp onları hədələdi: "Əməkdaşlıq etməsəniz, hamısını partladacağıq"


ABŞ Prezidenti Donald Trump İranla planlaşdırılan kritik danışıqlardan əvvəl sosial media hesabında yeni açıqlamalar verərək sərt mesajlar ünvanlayıb.

Turkustan.az xəbər verir ki, o, Tehran administrasiyasına “ədalətli və ağlabatan” razılaşma təklif etdiklərini bildirib və bu təklifin rədd ediləcəyi halda ABŞ ordusunun İrandakı elektrik stansiyaları və körpüləri hədəf alacağını qeyd edib.

Tramp əlavə edib: “İran dünən Hörmüz boğazında atəş açmaq qərarına gəlib. Bu, atəşkəs razılaşmasının tam pozulmasıdır. Mərmilərin əksəriyyəti Fransa və Britaniya gəmilərini hədəf alıb. Nümayəndələrim Pakistanın İslamabad şəhərinə gedirlər və sabah axşam danışıqlar üçün orada olacaqlar. İran boğazı bağlayacağını elan edib, lakin bizim donanmamız artıq həmin marşrutu nəzarətə götürüb.”

O, həmçinin iddia edib ki, bu vəziyyət nəticəsində İran iqtisadi itkilərlə üzləşir, gündə yüz milyonlarla dollar zərər görür, ABŞ isə bu prosesdən birbaşa zərər almır. Tramp əlavə edib ki, hazırda bir çox gəmi ABŞ limanlarına – xüsusilə Texas, Luiziana və Alyaska istiqamətinə yönəlir və bunu “İran İnqilab Keşikçilərinin addımlarının nəticəsi” kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ