ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında NATO ilə vidalaşdığını deyib. Tramp bunu Alyans ölkələrinin ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyinə qarşı çıxması ilə əsaslandırıb.
ABŞ prezidenti həmçinin müttəfiqlərin İrana qarşı aparılan müharibədə Vaşinqtona dəstək göstərməməsini də tənqid edib. O, NATO üzvlərinin bu addımını “heç vaxt silinməyəcək bir ləkə” adlandırıb.
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Qrenlandiya məsələsində NATO ölkələri Danimarkanın mövqeyini müdafiə etdilər:
“Çünki həmin ada rəsmən Danimarkaya məxsusdur. Əgər Alyans ABŞ-ı dəstəkləsəydi, bu, NATO-nun prinsiplərinin pozulması demək olardı. Əslində, məhz bu zaman Alyans dağılmağa başlayacaqdı. Birinci ssenarinin nəticəsində Danimarka birliyi tərk edərdi. Buna görə NATO prinsipial mövqe tutaraq Kopenhageni müdafiə etdi.”
NATO-nun baş katibi bütün bunlara baxmayaraq ortaq mövqe tutmağa çalışdı. Belə ki, ABŞ prezidenti inciməsin deyə Vaşinqtonun əlavə baza yerləşdirməsi üçün təkliflər irəli sürdü. Lakin Tramp bu təklifi qəbul etməyərək adanın birbaşa ABŞ-a verilməsini tələb etdi.

Elxan Şahinoğlu
Ağ Ev rəhbəri Alyansı hədələyir və İran müharibəsi fonunda ölkəsinin NATO-dan çıxacağını deyir. Lakin bu, elə də asan məsələ deyil. ABŞ prezidenti belə bir qərarı tək verə bilməz, Konqresin icazəsi lazımdır. Həmçinin Alyansdan çıxmaq çox uzun bir prosesdir. ABŞ ittifaqı tərk edərsə, Avropadakı bütün hərbi bazalarını bağlamalıdır. Bu isə Vaşinqtonun manevr imkanlarını azaldacaq.
Trampın belə açıqlamalar verməsinə baxmayaraq nəzərə almaq lazımdır ki, hələ 3 il prezident olaraq qalacaq. Yəni bu 3 ildə o, NATO-dan çıxmağa nail ola bilməyəcək. Buna bir yolla nail olsa belə, yerinə gələcək prezident yenidən ABŞ-ı Alyansa üzv edəcək”.