ABŞ mediasının iddiasına görə, danışıqlarda irəliləyiş əldə olunarsa, prezident Donald Tramp İrana qarşı planlaşdırılan hərtərəfli hücumlar üçün müəyyən etdiyi müddəti uzada bilər.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər platformasının məsələyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin İranın enerji obyektləri və körpülərinə birgə hücum planı hazırdır.
Xəbərdə qeyd olunur ki, planın icrası üçün yalnız Trampın təsdiqi tələb olunur: “Əgər Prezident razılaşmanın formalaşdığını görsə, böyük ehtimalla gözləməyi seçəcək. Lakin bu qərar yalnız onun səlahiyyətindədir.”
Adı açıqlanmayan mənbə bildirib ki, “Tramp mümkün olarsa, razılaşmanı qəbul edərdi, lakin iranlıların buna hazır olub-olmadığı hələ də qeyri-müəyyəndir.”
Hesabatda həmçinin vurğulanır ki, müdafiə rəsmisi İrana mümkün hücumun təxirə salınması ehtimalına ehtiyatla yanaşır və danışıqlar prosesi artıq kritik mərhələyə çatıb.
Son günlərdə Trampla bir neçə dəfə görüşən bir mənbə prezidentin İranla bağlı mövqeyini “administrasiyanın ən yüksək səviyyələrində ən sərt mövqe” kimi qiymətləndirib. Digər bir mənbə isə müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubionun Trampla müqayisədə daha “göyərçin” mövqe tutduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az