Rusiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vəziyyətin sürətlə pisləşdiyini və nəzarətdən çıxmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunur ki, “Vaşinqton və Təl-Əvivin qanunsuz və məsuliyyətsiz hərəkətləri nəticəsində yaranan vəziyyət sürətlə ağırlaşır və tam nəzarətdən çıxmaq riski daşıyır”.
Bəyanatda vurğulanır ki, ABŞ və İsrailin İrana qarşı “səbəbsiz təcavüzü” nəticəsində formalaşan beynəlxalq böhran genişlənməkdə davam edir. Xüsusilə nüvə obyektləri də daxil olmaqla mülki infrastruktura yönələn hücumların artdığına diqqət çəkilir.
Nazirlik həmçinin İrandakı Buşehr Atom Elektrik Stansiyasına edilən hücumları “ciddi narahatlıq doğuran” hal kimi qiymətləndirib.
Açıqlamada xəbərdarlıq edilir ki, “Fars körfəzi və Avrasiya regionu üzərində Çernobıldan daha dağıdıcı radioloji fəlakət təhlükəsi dolaşır.”
Aytən Yaşar/ Turkustan.az