Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO


Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.

Bəs görəsən, kollektorların üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti necə olacaq

Turkustan.az xəbər verir ki, mövzuya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti münasibət bildirib.

Qurumdan bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikili mövcuddur.

Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır:

"Mövcud vəziyyətin təhlükəsi kollektorlar üzərində ev inşa edilmiş bütün yaşayış obyektlərinə aiddir. Belə ki, su və ya kanalizasiya kollektorlarının üzərində yerləşən tikililər daimi risk altındadır. Məhz bu səbəbdən su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunaziddir.

Hazırkı halda kollektorun üzərində tikilən evlərin sahiblərinə bir neçə il ərzində dəfələrlə xəbərdarlıq məktubları göndərilib, şifahi və yazılı formada məlumatlar verilib, bildirişlər təqdim olunub.

Vətəndaşların diqqətinə çatdırılıb ki, bu ərazidə hər an hadisə baş verə bilər və belə bir hal səbəbindən kollektorun istismarını, təmir və bərpasını icra etmək mümkünsüzləşir. Bu xəbərdarlıqlardan sonra məsələ, həmçinin hüquqi müstəviyə də daşınıb.

Qanunvericiliyin tələblərinə əsasən, su və kanalizasiya kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, həmçinin mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qadağandır. Bununla bağlı mütəmadi olaraq müxtəlif vasitələrlə vətəndaşlara məlumatlar verilir, xəbərdarlıq olunur.

Kollektor xətlərinin üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti, onların mərhələli şəkildə sökülüb-sökülməyəcəyi, eləcə də söküntü nəzərdə tutulduğu halda sakinlərə kompensasiya verilməsi və ya alternativ yaşayış yeri ilə təmin olunması məsələləri qurumun səlahiyyətlərinə aid deyil”. (Oxu.az)


MANŞET XƏBƏRLƏRİ