Şimali Koreyanın ABŞ–İsrail–İran müharibəsində İrana silah və ya təchizat göndərmədiyi, eyni zamanda ABŞ ilə diplomatiya üçün zəmin yaratmağa çalışdığı iddia olunur.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Yonhap xəbər agentliyinin siyasətçilərə və kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişə fonunda Pxenyanın Tehrana hərbi dəstək vermədiyi bildirilir.
Xəbərdə kəşfiyyat xidmətlərinin məlumatına əsasən, “Şimali Koreya İrana silah və ya təchizat göndərməyib” ifadəsi xüsusi vurğulanır.
Həmçinin qeyd olunur ki, Şimali Koreya İranın dini lideri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı mesajı yaymayıb və yeni lider münasibətilə təbrik mesajı da göndərməyib. Bu isə Pxenyanın mövqeyində dəyişiklik ehtimalını gündəmə gətirir.
Mənbələrə görə, Şimali Koreya ABŞ ilə mümkün diplomatik təmaslar üçün şərait formalaşdırmağa çalışır.
Cənubi Koreyanın Baş naziri Kim Min-sook bildirib ki, martın 13-də ABŞ prezidenti Donald Trampla görüşü zamanı Tramp Şimali Koreya lideri Kim Çen Inın dialoqa hazır olub-olmadığını soruşub və belə bir görüşün “müsbət addım” ola biləcəyini qeyd edib.
Xatırladaq ki, Tramp və Kim Çen In indiyədək üç dəfə görüşüblər: 2018-ci ilin iyununda Sinqapurda, 2019-cu ilin fevralında Hanoyda və 2019-cu ilin iyununda Koreyalararası sərhəddə yerləşən Panmunjom kəndində.
Aytən Yaşar/ Turkustan.az