Volodimir Zelenski gözlənilməz səfərlə İstanbula gedərək Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Görüşün əsas mövzusu “İstanbul prosesi”nin yenidən canlandırılması və Ukrayna-Rusiya münaqişəsində atəşkəs perspektivləri olub.
Turkustan.az xəbər verir ki, məlumata görə, Kiyev Moskva ilə dialoqa yenidən başlamaq üçün Türkiyə platformasını ciddi şəkildə nəzərdən keçirir. ABŞ vasitəçiliyinin məhdud effektivliyi və xüsusilə ərazi məsələlərində irəli sürülən həssas şərtlər fonunda Ankara formatı daha qəbulolunan variant kimi qiymətləndirilir. Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi – Yaxın Şərqdə gərginlik və Qərb daxilində fikir ayrılıqları danışıqların davam etdirilməsini daha da vacib edir.
Türkiyə isə öz növbəsində vasitəçi rolunu gücləndirməyə çalışır və tərəflərə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirir. Gözləntilərə görə, növbəti mərhələdə Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə daha geniş formatda görüş təşkil oluna bilər.
Görüş zamanı yalnız təhlükəsizlik məsələləri deyil, enerji əməkdaşlığı da müzakirə olunub.
Xüsusilə, Türkiyənin Qara dənizdə yerləşən Sakarya qaz yatağı üzrə əldə etdiyi təcrübə Ukrayna üçün maraq doğurur. Kiyev gələcəkdə Odessa sahilləri yaxınlığında yerləşən qaz ehtiyatlarının işlənməsində Ankara ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
İqtisadi sahədə də Türkiyə Ukraynanın əsas tərəfdaşlarından biri olaraq qalır. 2025-ci ildə Türkiyə Ukrayna məhsullarının əsas ixrac bazarlarından biri olub. Tərəflər arasında 2022-ci ildə imzalanmış azad ticarət sazişi isə əməkdaşlığın genişlənməsi üçün hüquqi baza yaradır, baxmayaraq ki, proses mərhələli şəkildə həyata keçirilir.
Bundan əlavə, Türkiyə Ukrayna üçün mühüm logistika mərkəzi rolunu oynayır. Xüsusilə Yaxın Şərq ölkələri ilə əlaqələrin genişləndirilməsi fonunda Ankara regionlararası nəqliyyat və ticarət əlaqələrinin təmin edilməsində açar mövqedədir.
Səfərin davamı olaraq Vladimir Zelenski Suriyaya da gedib. O, Dəməşq şəhərinə Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə yollanıb. Bu fakt Ankara ilə Kiyev arasında yüksək koordinasiyanı göstərir. /KONKRET.az/