İran savaşını Dünya müharibəsi adlandırmaq niyə yanlışdır?


Bu döyüşü anlamağın açarı qarşı tərəflərin apardığı müharibələrin tamamilə fərqli olmasıdır. İslam Respublikası üçün bu, yaşamaq məsələsidir. İsrail üçün də İranın hərbi və nüvə potensialının məhv edilməsi ekzistensial məsələ hesab olunur. Lakin ABŞ üçün bu, seçim əsasında aparılan müharibədir və ideal halda tez başa çatmalıdır.

Turkustan.az xəbər verir ki, bu barədə müdafiə və diplomatiya üzrə şərhçi Mark Urban “Tayms” nəşri üçün yazdığı məqalədə qeyd edib.

Onun fikrincə, Pentaqon bu müharibəyə daha genişmiqyaslı – Rusiya və Çinlə davam edən qarşıdurmalar kontekstində baxır və İran istiqamətinə həddindən artıq resurs sərf etmək istəmir:

“Məhz buna görə ABŞ silahlı qüvvələrinin rəhbəri general Den Keyn müharibənin məqsədini İranın qonşuları üçün hərbi təhdidə çevrilməsinin qarşısını almaq kimi müəyyən edib. Onun fikrincə, İranın silahlı qüvvələrinin məhv edilmə tempi nəzərə alınarsa, bu məqsədə nisbətən qısa müddətdə nail olmaq mümkündür.

Lakin bir neçə gün sonra Donald Tramp “şərtsiz kapitulyasiya” tələb etdi və ölkənin yeni rəhbərliyinin seçilməsində rol oynamaq istədiyini bildirdi. İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Denni Tsitrinoviç isə bildirib ki, əgər Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu həqiqətən də İranın gələcəyini formalaşdırmaq niyyətindədirlərsə, mövcud rejim şəraitində belə nəticəyə uzunmüddətli və potensial olaraq sonsuz münaqişə olmadan nail olmaq çətindir”.

Ekspertin sözlərinə görə, bəzi insanlar bu genişlənən münaqişəni qlobal rəqabətə görə III Dünya müharibəsi adlandırmağa tələsirlər. Lakin bu, 1940-cı illərdəki minlərlə bombardmançı təyyarənin hücumları və şərq cəbhəsində milyonlarla əsgərin döyüşdüyü müharibədən tamamilə fərqlidir.

Onun fikrincə, ən vacib məqam odur ki, dünyada demək olar heç bir ölkə – bəlkə də yalnız Çin istisna olmaqla – hazırda gördüyümüz qədər yüksək dəqiqlikli silahların nəhəng xərclərini uzun müddət ərzində qarşılaya bilməz:

“ABŞ isə bu müharibəyə milli sağ qalma məsələsi kimi daxil olmayıb. Buna görə də ölkə kütləvi səfərbərlik elan etməyə və ya öz sənayesini tam şəkildə müharibə rejiminə keçirməyə hazır deyil”./axar.az


MANŞET XƏBƏRLƏRİ