SEPAH Qərbi Azərbaycanda silah paylayır


Qərbi Azərbaycan əyalətinin bir neçə şəhərində SEPAH və "Bəsic" qüvvələrinin silahsız üzvlərinə silah paylanılır.

Turkustan.az xəbər verir ki, bu barədə ofisi Vaşinqtonda yerləşən İran İnsan Haqları Təşkilatı yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Maku, Çaldıran, Şot, Poldəşt və Bazarqan bölgələrindəki SEPAH və "Bəsic" qüvvələri gecə saatlarında gizlicə silahlandırılır.

Məlumata görə, bu qüvvələr artıq iki gündür ki, təhdid və təzyiq altında silahsız üzvlərini silahlanmağa cəlb edir:

“Bu, İrandakı kürd partiyalarının koalisiyasının yaradılmasından və son günlərdə beynəlxalq mediada bu partiyaların hərbi əməliyyatları barədə xəbərlərin dərc olunmasından sonra baş verib. Hökumətin silahlı kürd qruplaşmalarının İraqın şimalındakı Kürdüstan Regional Muxtariyyətindən İrana keçməsindən ehtiyat etdiyi üçün yerli tərəfdarlarını silahlandırmağa başladığı ehtimal olunur”.

Qeyd edək ki, iki gün əvvəl də SEPAH Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində İrana sadiq yerli əhalinin silahlanması üçün açıq çağırış edib və onlardan silah almaq üçün SEPAH və "Bəsic" mərkəzlərində qeydiyyatdan keçmələrini istəyib.

Oxşar cəhd və çağırışın Şərqi Azərbaycanın bir neçə şəhərində də edildiyi bildirilsə də, bu, etibarlı mənbələr tərəfindən təsdiq olunmayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ