Kuba prezidenti Migel Diaz-Kanel milli televiziya kanalında çıxışı zamanı ABŞ-la son dövrlərdə artan gərginliyi şərh edib.
Turkustan.az xəbər verir ki, o, Vaşinqton administrasiyası ilə Kuba xalqının suverenliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında dialoqa hazır olduqlarını bildirib.
Diaz-Kanel qeyd edib ki, iki qonşu ölkə arasında qarşılıqlı maraqlara əsaslanan sivil münasibətlər mümkündür. Onun sözlərinə görə, Kuba ABŞ-la immiqrasiya, təhlükəsizlik, narkotik və terrorizmə qarşı mübarizə, ətraf mühitin qorunması və elmi əməkdaşlıq kimi geniş mövzular üzrə danışıqlar apara bilər. Lakin o vurğulayıb ki, bu dialoqun əsas və dəyişməz şərti ABŞ-ın Kubanın daxili işlərinə müdaxilə etməməsidir.
Kuba lideri Vaşinqtonun getdikcə daha aqressiv mövqe tutduğunu bildirərək, buna cavab olaraq ölkənin milli müdafiə planlarının aktivləşdirildiyini açıqlayıb. O, mümkün hücumlara hazır olmağın suveren dövlət olmağın tələbi olduğunu deyib.
ABŞ-ın tətbiq etdiyi neft embarqosuna toxunan Diaz-Kanel, ötən ilin dekabr ayından bəri ölkəyə yanacaq daxil olmadığını bildirib. O, böyük bir gücün kiçik bir ölkəyə qarşı apardığı bu siyasəti aqressiv və cinayətkar adlandıraraq, bunu Kubanı boğmaq cəhdi kimi qiymətləndirib. Prezident əlavə edib ki, ölkənin müqavimət göstərməkdən və ya təslim olmaqdan başqa seçimi yoxdur.
Aytən Yaşar/ Turkustan.az