Ağ Ev İran müxalifətini toplayır: Müvəqqəti hökumətdə güneylilər olacaq?


“ABŞ administrasiyası hazırkı hakimiyyətinin artıq ölkəyə rəhbərlik edə bilməyəcəyi təqdirdə İranda müvəqqəti hökumət qurmağı düşünür”.

Turkustan.az Cebheinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The National” mənbələrinə istinadən məlumat yayıb. “İrandakı mövcud rejimə alternativ tapmaq üçün Amerika təşəbbüslərinə yaxın mənbə qəzetə bildirib ki, Prezidentin kürəkəni Cared Kuşner bu prosesdə yaxından iştirak edir.

O, rejimin çökəcəyi halda İranı idarə etməyə kömək edəcək bir növ keçid strukturunun yaradılması ilə bağlı məsləhət vermək üçün bir qrup İran-Amerika biznes liderlərinin toplanmasına kömək edir”,-deyə qəzet qeyd edir.

Mənbənin məlumatına görə, ABŞ administrasiyası İran müxalifətini Florida ştatının Palm Biç şəhərində toplamaq istəyir. Görüş bu həftə sonu baş tuta bilər. Amma tədbirin logistikası mürəkkəbdir. Müxalifətin ərazidə yerləşən prezident iqamətgahı olan Mar-a-Laqoya, yoxsa yaxınlıqdakı bir yerə dəvət olunacağı da məlum deyil.

Ağ Ev bu məlumatın şərhindən imtina edib. Tramp bu yaxınlarda İranın nüvə proqramını yenidən başlatmağa cəhd edəcəyi təqdirdə ABŞ-nin ona qarşı sərt tədbirlər görməyə hazır olacağına söz verib. Bu açıqlama tərəflərin danışıqlara hazırlaşdığı bir vaxtda verilib.

“The National”-ın yaydığı məlumat Omanda ABŞ və İran arasında aparılan danışıqların nəticəsindən asılı olmayaraq, Tramp adminstrasiyasının Xameneyi rejimini devirmək planını dəyişmədiyini göstərir.

Xatırladaq ki, Prezident Tramp yanvarın 17-də “Politico” nəşrinə verdiyi açıqlamasında bildirmişdi ki, İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və Ayətullah Əli Xameneyinin 37 illik hakimiyyətinə son qoyulmalıdır. ABŞ-nin İranda müvəqqəti keçid strukturunu yaratmaq təşəbbüsü rejimi xarici müdaxilə yolu ilə dəyişmək planından xəbər verir.

Eyni zamanda, ABŞ-nin post-Xameneyi dövrü üçün İranda mötədil İslam rejimi deyil, dünyəvi dövlət qurulması üzərində işlədiyini görmək olar. Yanvar ayında baş verən etiraz aksiyaları İran daxilində mövcud rejimə qarşı alternativ müxalif liderin olmadığını ortaya çıxartdı.

Bu da dünyəvi dövlət tərəfdarlarının təqib edilərək məhv edilməsi və ya ölkəni tərk etməyə məcbur olması ilə bağlıdır. Tehran hakimiyyətinə müxalif mövqedən çıxış edənlər isə yalnız mövcud teokratik rejimin ideologiyasına qulluq edən siyasətçilərdir. Ona görə də xalq onlara inanmır.

Lakin ABŞ-nin yaradacağı Keçid Şurasının İranı rejim dəyişikliyindən sonra yarana biləcək siyasi böhrandan çıxara biləcəyini birmənalı şəkildə söyləmək mümkün deyil. Cared Kuşner peşəkar diplomat deyil və İran cəmiyyətini yaxşı tanımır.

Kuşnerin topladığı biznes-liderlərin təkliflərinin İranda istər xalqın, istərsə də yeni dövrdə meydana çıxacaq bütün siyasi qüvvələrin maraqlarını təmin edəcəyi sual altındadır. Keçid strukturunun yaradılması ilə bağlı məlumat Tramp administrasiyasının rejim devrildikdən sonra İranın ərazi bütövlüyünü saxlamağa çalışdığını nümayiş etdirir.

Hazırda ABŞ-də yaşayan və İran rejiminə qarşı əks mövqedən çıxış edənlər arasında milli hüquqularını tələb etdiklərinə görə təqiblərə məruz qalmış qeyri-fars xalqların nümayəndələri, o cümlədən Güney Azərbaycan türklərinin fəalları da var.

Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan milli hərəkat nümayəndələrinin keçid strukturuna qatılmaqdan imtina edəcəyi məlumdur. Yəni Kuşnerin təşkil etdiyi quruma üzv olanlar İranda yaşayan xalqların milli hüquqları məsələsi ilə bağlı konseptual təkliflər verməsələr, həmin şuranın siyasi proseslərə təsir imkanları olmayacaq.


MANŞET XƏBƏRLƏRİ