ABŞ-da yerləşən CBS telekanalının ekspert rəylərinə əsaslanan analitik xəbərinə görə, Ədliyyə Nazirliyinin Ceffri Epşteynlə bağlı açıqladığı son sənədlər əvvəlki rəsmi məlumatlardan fərqli detalları üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, sənədlər göstərir ki, milyarder iş adamının intihar etdiyi iddia edilən gecə hadisə yerində narıncı kostyum geyinmiş başqa bir şəxs də olub.
Məlumatda deyilir: “Ədliyyə Nazirliyinin yeni dərc olunmuş və ekspert rəyləri ilə dəstəklənən təhlilinə əsasən, Epşteynin ölüm gecəsinə aid təhlükəsizlik kamerası görüntülərini araşdıran müstəntiqlər 9 avqust 2019-cu il tarixində, təxminən saat 22:39-da Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və bağlı mərtəbəyə aparan pilləkənlərdən yuxarı qalxan narıncı rəngli bir cismin hərəkət etdiyini müşahidə ediblər.”
Xəbərdə qeyd olunur ki, Epşteynin saxlanıldığı Metropolitan İslah Mərkəzindəki görüntülərə baxış zamanı FTB rəsmilərinin “L mərtəbəsinə aparan pilləkənlərdən narıncı bir şeyin qalxdığı görünür. Ola bilsin ki, bu, həmin mərtəbəyə aparılan bir məhbusdur” ifadəsi əvvəl açıqlanmayan yeni bir detala işarə edir və Ədliyyə Nazirliyinin müfəttiş hesabatı ilə ziddiyyət təşkil edir.
Bildirilib ki, yayımlanan yeni səs yazıları həmin axşam Epşteynin kamerasının yerləşdiyi mərtəbənin yaxınlığında baş verən fəaliyyətlə bağlı əlavə suallar doğurur.
Ədliyyə Nazirliyinin sənədlərində eyni saat və dəqiqədə qeydə alınmış səs yazıları da araşdırılıb. Təhlillərə görə, sözügedən narıncı rəngli obyektin “çarşaf və ya yataq dəsti” daşıyan naməlum bir həbsxana zabiti ola biləcəyi ehtimal edilir.
Ədliyyə Nazirliyi və FTB-nin hesabatlarının yenidən nəzərdən keçirilməsi isə göstərib ki, Epşteynin öldüyü gecə növbədə olan zabitlər sonradan üzə çıxan bu səs yazılarında adı çəkilən narıncı kostyumlu şəxslə bağlı heç vaxt dindirilməyiblər.

Aytən Yaşar/ Turkustan.az