“İranın ABŞ-la danışıq üçün məkan olaraq Türkiyənin seçilməsinə qarşı çıxması molla rejiminin antitürk mahiyyətindən irəli gəlir. Danışıqlar üçün İstanbul deyil, Maskata üstünlük verilməsi ilə molla rejimi bir daha sübut etdi ki, mahiyyətindən uzaqlaşa bilmir, özünü yeniləmək və dəyişmək qabiliyyətinə malik deyil”.
Turkustan.az bildirir ki, bunu siyasi şərhçi Nadir Azəri deyib.
O, bildirib ki, İranın mövcud rejimi qarşısına çıxan son tarixi şansı ya dəyərləndirə bilmədi, ya da bilərəkdən ondan imtina etdi və nəticə etibarilə “özünü zəhərləyən əqrəbin” yolunu seçdi: “İran ətrafında formalaşan gərginliyin ən azı bir neçə il müddətinə müvəqqəti sabitliklə əvəz olunması üçün real imkan mövcud idi. Bu fürsəti isə İrana məhz Türkiyə yaratmışdı. Türkiyə ABŞ–İran danışıqlarının öz ərazisində keçirilməsi ilə bağlı rəsmi təklif irəli sürmüş, Birləşmiş Ştatlar da bu təklifi qəbul etmişdi. Lakin təəssüflər olsun ki, İranın molla rejimi bu təşəbbüsdən imtina etdi və görüşün Türkiyədə keçirilməsinə qarşı çıxdı. Bu gün danışıqlar Omanda keçiriləcək”.
Siyasi şərhçi deyib ki, bu görüşün nə dərəcədə uğurlu olacağı hələlik bəlli deyil və ciddi suallar doğurur: “Bununla belə, Türkiyə bir daha siyasi yetkinliyini və böyüklüyünü nümayiş etdirərək prosesdən kənarda qalmayıb, danışıqların normal, konstruktiv məcrada keçməsi üçün ABŞ-a yenidən müraciət edib və diplomatik səylərini davam etdirir. Hesab edirəm ki, molla rejiminin bu mövqeyinin əsas səbəbi onun yarandığı gündən etibarən xidmət etdiyi siyasətdən hələ də uzaqlaşa bilməməsidir. Söhbət açıq şəkildə antitürk siyasətindən gedir. Heç kimə sirr deyil ki, 1979-cu ildə bu rejim hakimiyyətə gətirilərkən əsas məqsədlərdən biri də türk dünyasının birləşməsinə mane olmaq idi. Molla rejimi ideoloji baxımdan məhz türk düşmənçiliyi üzərində formalaşdırılıb və bu gün də həmin düşüncə tərzindən çıxa bilmir”.
N.Azəri bununla belə İranın bir dövlət kimi varlığının hələ də türk faktorundan aslı olduğunu qeyd edib: “Bununla belə, hesab edirəm ki, hələ hər şey tam itirilməyib. İranın taleyi bu mərhələdə birbaşa türk faktoruna, türklüyə göstəriləcək etimaddan asılıdır. Əgər molla rejimi dinc şəkildə hakimiyyətin ötürülməsi yolunu seçər, real siyasi islahatlara gedər və idarəetməni dini liderlikdən seçkili siyasi institutlara, konkret olaraq Prezident Məsud Pezeşkiana verərsə, bu halda dialoq imkanları yenidən açıla bilər. Digər tərəfdən, o zaman danışıqların növbəti raundunun Türkiyədə, yaxud Azərbaycanda keçirilməsi də mümkün olar”.