“Zombi-fraqmentlər koronavirusun parçalanmasından sonra orqanizmdə qalan və yalnız xroniki iltihabı davam etdirməklə kifayətlənməyib, həm də birbaşa immun hüceyrələrini məhv edə bilən qalıqlardır”.
Belə bir qənaətə beynəlxalq alimlər qrupu gəlib. Araşdırmanın nəticələri PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc edilib.
Tədqiqat göstərib ki, SARS-CoV-2 virusunun parçalanmasından sonra orqanizmdə protein qalıqları qalır və bu qalıqlar hüceyrələrlə aktiv şəkildə qarşılıqlı əlaqəyə girir. Həmin franqmentlər təkbaşına yox, qruplar şəklində fəaliyyət göstərir və “şaxələnmiş” membran forması ilə seçilən immun hüceyrələrini xüsusi olaraq hədəf alır.
“İlk növbədə zərər görənlər dendritik hüceyrələrdir. Bu hüceyrələr virusları tanıyır və immun cavabı başlayır. Həmçinin CD4+ və CD8+ T-hüceyrələri infeksiyalı hüceyrələri məhv etməyə məsuldur. T-hüceyrələrinin tükənməsi əvvəllər COVID-19-un ağır gedişi və uzunmüddətli nəticələri ilə əlaqələndirilirdi, lakin bu prosesin mexanizmi hələ də qeyri-müəyyən idi”, - hesabatda vurğulanır.
Kaliforniya Universitetinin Los-Ancelesdəki biotexnologiya mütəxəssisi Cərard Vongun sözlərinə görə, aktiv virusun yoxa çıxmasından sonra belə, onun qalıqları orqanizmə zərər verməyə davam edir: “Bu, COVID-19 əlamətlərinin niyə aylarla davam etməsini və nədən zəifləmiş və ya pozulmuş immuniteti olan insanlarda daha ağır şəkildə təzahür etməsini izah edə bilər”.
Alimlər həmçinin virusun variantları arasında fərqlər aşkar ediblər. Məsələn, "Omikron" ştamı daha çox protein franqmentinə parçalanır, lakin onlar immun hüceyrələrinə əhəmiyyətli dərəcədə daha zəif təsir edir. Bu, "Omikron"un sürətlə yayılmasını, lakin daha yüngül xəstəlik gedişatına səbəb olmasını izah edə bilər.
COVİD-19 keçirmiş hansı qrup insanlar bu yeniliklə bağlı narahat olmalıdır?

Bakı Ağrı Klinikasının rəhbəri Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “COVID-19-un qalıq əlamətləri ilə bağlı müxtəlif fikirlər mövcuddur:
“İnsanlarda bu mövzu fərqli cür başa düşülür, xəstələrin hətta subyektiv olaraq hiss etdikləri müxtəlif vəziyyətlər olur. Bir çoxları COVID-dən sonra orqanizmdə müəyyən qalıq əlamətlərin qaldığını, bədənin hansısa “yüklər” daşıdığını, müxtəlif təsadüfi əlamətlər hiss etdiklərini bildirirlər. Bütün bunlar ümumilikdə post-COVID sindromu kimi dəyərləndirilməlidir.
Post-COVID sindromu müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarda, xüsusilə autoimmun xəstəlikləri olan şəxslərdə daha parlaq şəkildə özünü göstərir. Bu əlamətlər bəzən uzunmüddətli və davamlı xarakter daşıyır. Ümumiyyətlə, istənilən viral infeksiya və ya digər iltihabi-infeksion xəstəliklər orqanizmdə özündən sonra müəyyən iz buraxır. COVID-19-a gəldikdə isə, bu virusun qlobal miqyasda yayılması səbəbindən post-COVID sindromunu daha aydın müşahidə etmək və izləmək imkanı yaranıb. Çünki yoluxanların sayı çoxdur və müşahidə bazası genişdir”.
Həkimə görə, burada təkcə COVID virusunun özü, yəni virusun fraqmentlərə parçalanması, qalıq proteinlərin orqanizmdə qalması və digər mexanizmlər deyil, COVID dövründə qəbul olunan dərman preparatları da nəzərə alınmalıdır:
“Bütün bu faktorlar birlikdə post-COVID sindromunun formalaşmasına və klinik əlamətlərin ortaya çıxmasına təsir göstərir. Bunun üzərinə bir də istifadə olunan vaksinlərin təsirini əlavə etmək lazımdır. Elə vaksinlər ki, pandemiya şəraitində hələ tam sınaqdan keçməmiş halda insanlara kütləvi və total şəkildə tətbiq olundu. Bütün bu amillər birlikdə, təbii ki, təsirsiz ötüşə bilməzdi.
Üstəgəl, COVID dövrünün və post-COVID mərhələsinin yaratdığı stressli informasiya mühiti, davamlı qorxu, qeyri-müəyyənlik fonunda zəifləyən immun sistemi, eləcə də zəifləyən sinir sistemi bu prosesləri daha da dərinləşdirdi. Bütün bunlar nəticə etibarilə post-COVID sindromunun yaranmasına və geniş yayılmasına gətirib çıxarmalı idi. Bu gün də insanlar bu sıxıntılardan əziyyət çəkirlər və proses bir çox hallarda uzunmüddətli xarakter daşıyır”.