ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteynin sənədləri ilə bağlı aparılan istintaq çərçivəsində Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməyə razılaşıb və qapalı iclas əvəzinə açıq dinləmənin keçirilməsini tələb edib.
Turkustan.az xəbər verir ki, Klinton sosial media hesabında paylaşdığı açıqlamada yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin işi üzrə aparılan istintaqa münasibət bildirib.
O, Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki respublikaçılarla altı ay ərzində xoş niyyətlə əməkdaşlıq etdiklərini qeyd etsə də, təqdim etdikləri məlumatların nəzərə alınmadığını iddia edib. Klinton bildirib:
“Biz and içərək bildiklərimizi dedik. Amma onlar bunların heç birinə məhəl qoymadılar. Gündəmlərini dəyişdirdilər və bu prosesi məsuliyyətdən diqqəti yayındırmaq üçün istifadə etdilər.”
Komitə sədri Ceyms Komerin istintaq çərçivəsində qapalı iclas keçirmək niyyətinə qarşı çıxan Klinton açıq dinləməyə çağırış edərək deyib:
“İctimaiyyət və kameralar qarşısında keçirilən dinləmədən daha şəffaf bir format yoxdur. Biz orada olacağıq.”
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteynin sənədləri ilə bağlı araşdırması çərçivəsində ifadə verməyə razılıq veriblər.
Komitə sədri Ceyms Komerin açıqlamasına görə, Bill Klinton fevralın 27-də video bağlantı və transkriptlər vasitəsilə qapalı iclasda, Hillari Klinton isə fevralın 26-da ifadə verəcək.
Bu arada ABŞ prezidenti Donald Tramp da keçmiş prezident Bill Klintonun Ceffri Epşteynlə bağlı aparılan istintaqdan narahatlıq keçirdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az