Tramp Çin lideri ilə danışdı: Münasibətlərimiz çox yaxşıdır!


ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında telefon danışığı baş tutub.

Turkustan.az xəbər verir ki, bu barədə Çinin Xinhua xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, telefon danışığı Prezident Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə əvvəlki görüşündən sonra baş verib.

ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada Çin Prezidenti Si Cinpinlə telefon danışığının çox yaxşı keçdiyini vurğulayıb. O qeyd edib ki, söhbət uzun və əhatəli olub.

Tramp bildirib: “Çin Prezidenti Si ilə əla telefon danışığım oldu. Çinlə münasibətlərimiz və Prezident Si ilə şəxsi əlaqələrim son dərəcə yaxşıdır.”

Onun sözlərinə görə, danışıq zamanı ikitərəfli ticarət və tariflər, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı gündəlik məsələlər, eləcə də aprel ayında Çinə planlaşdırılan səfər daxil olmaqla bir çox mövzu ətraflı müzakirə olunub və bütün məsələlər üzrə müsbət fikir mübadiləsi aparılıb.

Tramp həmçinin bildirib ki, Çin bu il ABŞ-dan 20 milyon ton soya alacaq, gələn il isə bu rəqəm 25 milyon tona çatdırılacaq.

ABŞ və Çin arasında müsbət münasibətlərin qorunmasının vacibliyini vurğulayan Tramp qeyd edib ki, prezidentliyinin qalan üç ili ərzində Çin Xalq Respublikası və Prezident Si Cinpinlə əməkdaşlıq çərçivəsində mühüm müsbət nəticələr əldə olunacağına inanır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ