ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Ceffri Epşteyn (Jeffrey Epstein) sənədlərində adı əsas məkan olaraq keçən və xeyli müddətdir dünyanın gündəmindən düşməyən Epşteyn adasının görüntüləri yayılıb.
Turkustan.az xarici mətbuata istinadən xəbər verir ki, videonu vaxtilə 26 yaşlı amerikalı YouTuber Tayler Oliveyra lentə alıb.
Görüntülərdə ada tamamilə səssiz görünür. Ətrafda heç bir mülki şəxs yoxdur, yalnız mühafizəçilər diqqət çəkir. T.Oliveyra çəkiliş apararkən təhlükəsizlik əməkdaşlarının “Jeep” markalı avtomobildə ona yaxınlaşdığını görür. O, əvvəlcə sakit və nəzakətli davranmağa çalışsa da, bir müddət sonra vəziyyətin gərginləşdiyini hiss edərək adanı tələsik tərk etmək qərarına gəlir. Bu zaman mühafizəçilərin onu izləməyə çalışması videoda açıq şəkildə görünür.
Qeyd edək ki, Tayler Oliveyra ABŞ-də tanınmış YouTuberlərdən biridir. O, əsasən küçədə insanlardan müsahibələr aldığı videoları ilə məşhurdur.
Epşteyn adasından yayılan bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi videonu narahatedici adlandırıb.
Qeyd edək ki, Ceffri Epşteyn (Jeffrey Epstein) (1953-2019), amerikalı maliyyəçi və azyaşlıların cinsi istismarı üzrə məhkum edilmiş şəxsdir. O, yüksək səviyyəli siyasi və elita dairələri ilə əlaqələri, həmçinin yaratdığı cinsi istismar şəbəkəsi ilə dünya gündəminə gəlmişdir. Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında intihar edib. /yenisabah.az