Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin regional sülh, sabitlik və rifah baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Turkustan.az xəbər verir ki, eyni zamanda Türkiyənin İranla ABŞ arasında mümkün gərginliyin azaldılması üçün vasitəçilik rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Ərdoğan bu fikirləri Səudiyyə Ərəbistanında nəşr olunan “Əş-Şərq əl-Əvsət” qəzetinə verdiyi müsahibədə səsləndirib. O qeyd edib ki, Türkiyə və Səudiyyə Ərəbistanı tarixi bağlara, güclü dövlət ənənələrinə və bölgəyə qarşı yüksək məsuliyyət anlayışına malik iki dost ölkədir. Ərdoğan müdafiə sənayesi sahəsində əməkdaşlığın qarşılıqlı etimadı gücləndirdiyini, texnoloji və istehsal imkanlarını artırdığını bildirib.
ABŞ ilə İran arasında mümkün müharibə riskinə toxunan Prezident Ərdoğan regional problemlərin bölgənin tarixi, kimliyi və dəyərləri nəzərə alınmadan hazırlanmış ssenarilərlə həll edilə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşmalar yalnız daha çox əzab və faciə gətirib.
Ərdoğan Türkiyənin bölgənin yeni bir müharibəyə sürüklənməsini qətiyyən istəmədiyini bildirərək, Qəzza, İraq, Suriya və Əfqanıstanda yaşanan hadisələrin ağır nəticələrinin hələ də yaddaşlarda olduğunu xatırladıb.
Problemlərin dialoq və sağlam düşüncə yolu ilə həll edilməsinin vacibliyini qeyd edən Prezident Ərdoğan İrana qarşı hər hansı hərbi müdaxiləni rədd etdiklərini və gərginliyi artıracaq addımlardan çəkinməyə çağırdıqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az