Pezeşkian onun sözünü kəsən şəxsə türk dilində irad bildirdi


İran prezidenti Məsud Pezeşkian auditoriyanı türk atalar sözü ilə susdurdu.

Turkustan.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian simpozium zamanı çıxışını tez-tez kəsən auditoriyaya türk atalar sözü ilə cavab verib. Hazırcavab və yumorlu tonu ilə seçilən Pezeşkian bu ifadə ilə həm auditoriyanı əyləndirib, həm də zalda sakitlik yaradıb.

“İslam Şuralarının Konstitusiyada Yeri və İctimai İştirak” mövzusunda keçirilən simpozium zamanı prezident dəfələrlə sözünü kəsən bir iştirakçı ilə qarşılaşıb. Səbirli davranışı ilə diqqət çəkən Pezeşkian sonda doğma türkcəsinə keçərək belə deyib:

“Biz türklərin adətinə görə; ona Rəşid adını verdiniz, bir söz dediniz, indi isə başqa bir sözə qulaq asın.”

Prezidentin bu ifadəsi zalda alqışlarla qarşılanıb və iştirakçıların susaraq yerlərində əyləşməsinə səbəb olub.

Qeyd edək ki, Pezeşkianın türk dilindən istifadə etməsi İran dövlət xadimləri üçün ilk nümunə deyil. İranda prezidentlər və yüksək vəzifəli şəxslər zaman-zaman ictimaiyyətlə daha yaxın əlaqə qurmaq və mədəni müxtəlifliyi vurğulamaq məqsədilə türk ifadələrinə və şeirlərinə müraciət edirlər.

Xatırladaq ki, keçmiş İran prezidenti Mahmud Əhmədinejad 2006-cı ildə Təbrizə səfəri zamanı tanınmış şair Şəhriyarın şeirini Azərbaycan türkcəsində səsləndirmiş və bu çıxış böyük alqışlarla qarşılanmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ