İki NATO ölkəsi bir-birini qırır: “Müharibə olacaqsa, Putinin yanında dayanacaqsınız”


Macarıstanın xarici işlər naziri Peter Siyarto Polşanın XİN rəhbəri Radoslav Sikorskinin mövqeyinə kəskin reaksiya verib.

Turkustan.az xəbər verir ki, Siyartonun sözlərinə görə, Sikorski Rusiya ilə Avropa arasında müharibə ssenarisini təşviq edir və Budapeşt belə bir qarşıdurmaya cəlb olunmaq niyyətində deyil.

“Mən başa düşürəm ki, sən Rusiya ilə Avropa arasında müharibə istəyirsən. Biz sənin müharibənə sürüklənməyə razı olmayacağıq”, - deyə Siyarto bildirib.

Buna cavab olaraq Radoslav Sikorski qeyd edib ki, Rusiya yenidən hərbi təcavüzə başlamadığı təqdirdə belə bir müharibə baş verməyəcək.

Lakin o, Macarıstana ünvanlanan daha sərt açıqlama ilə diqqət çəkib:

“Biz anlayırıq ki, bu dəfə siz Putinin tərəfində olacaqsınız. Müharibə olacaqsa, Rusiyanın yanında dayanacaqsınız”.

Qeyd edək ki, həm Polşa, həm də Macarıstan NATO və Avropa İttifaqının üzvüdür. İki müttəfiq ölkənin xarici işlər nazirləri arasında bu səviyyədə açıq və sərt qarşılıqlı ittihamlar alyans daxilində dərin fikir ayrılıqlarını bir daha üzə çıxarıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ