Pakistan Baş naziri Şahbaz Şərif İslamabadda baş verən və 12 nəfərin öldüyü partlayışa görə Hindistanı günahlandırıb. Bununla yanaşı, Pakistan müdafiə naziri Xavaca Asif ölkənin terrorizmə qarşı müharibə elan etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, söhbət terrora qarşı mübarizədən gedir:
“Bu, irihəcmli terror qruplarının yerləşdiyi məkanlara aid olacaq. Əfqanıstan, İran, Hindistan istiqamətində terrorçulara qarşı böyük hərbi əməliyyatlar keçiriləcək və bu davamlı hal alacaq. Lokal əməliyyatlarla problemi aradan qaldırmaq mümkün deyil. Ona görə də terrora qarşı çox ciddi zərbələr endirilməlidir. Eyni zamanda terroru maliyyələşdirən, təşkil edən və silah-sursatla təmin edən mərkəzlər dayandırılmalıdır ki, terroru tamamilə məğlub etmək mümkün olsun. Ən azından bunun üçün Türkiyənin təcrübəsi mövcuddur. Təxminən 40 illik müddət ərzində Türkiyə PKK-ya qarşı ciddi mübarizə aparıb və nəticədə terrorçuları silahı yerə qoymasına təşviq etdilər.
Doğrudur, bu, terror təşkilatını yaradanın əli ilə edildi. Lakin hər halda əhəmiyyətli təcrübədir. Yəni paralel olaraq yalnız hərbi vasitələr deyil, həm də ideoloji və siyasi məsələlərə ciddi yanaşmaqla bu proses həyata keçirilməlidir. Düşünürəm ki, bunun artıq bəzi müsbət nəticələri görünür. Ən azından PKK terrorçuları Türkiyədə xeyli dərəcədə təcrid olunub.
Eyni yanaşma Pakistan üçün də nəzərdə tutulmalıdır. Terrorla mübarizə yalnız terrorçulara qarşı hərbi əməliyyatlardan ibarət deyil. Həmçinin terrorun kökünü kəsmək, mənbələrini araşdırmaq və çoxsaylı faktları üzə çıxarmaq lazımdır. Çünki müxtəlif terrorçu qruplar mövcuddur. Onlar həm Əfqanıstan–Pakistan bölgəsində fəaliyyət göstərir, həm də Pakistan ərazisindən istifadə edilərək maliyyələşdirilirlər. Qaçaqmalçılar və narkotik ticarəti vasitəsilə maliyyələşən terrorçular var və bu qruplardan bəzən Pakistan dövlətinə qarşı istifadə olunur”.
Politoloqun sözlərinə görə, uzun müddətdir bu sahədə Hindistanla bağlı problemlər mövcuddur:
“Son dövrlərdə Hindistan və Pakistan ərazisində baş verən terror aktları şübhələrə səbəb olur. Bəzən qlobal şəbəkələr iki böyük qonşu dövləti qarşı-qarşıya qoymaq üçün terrorçulardan istifadə edirlər. Buna görə məsələ həssasdır və diqqətlə yanaşılmalıdır.
Eyni zamanda İran faktoru da var. İran terroru təşviq edən, qidalandıran və proksi qüvvələr vasitəsilə digər dövlətlərə qarşı istifadə edən rejim kimi çıxış edir. Özünü “İslam dövləti” kimi təqdim edən İranın fəaliyyəti çox vaxt müsəlman dövlətlərinə qarşı yönəlir. Buna görə də bu, çoxşaxəli bir mübarizə olmalıdır. Sərhəd bölgələrində və müxtəlif istiqamətlərdə aparılmalıdır.
Pakistan daxilində yerləşən hücrələrin ifşa olunması və aradan qaldırılması da vacibdir. Bu, uzun və böyük maliyyə tələb edən bir prosesdir. Lakin ciddi mübarizə aparılmasa, vəziyyət davam edəcək və Pakistanın stabilliyinə, iqtisadi inkişafına ağır zərbə vuracaq. Terrora ayrılan böyük maliyyə vəsaitləri iqtisadiyyatın və insanların rifahının yaxşılaşmasına yönəldilsə, faydası böyük olar. Buna görə də Pakistan rəhbərliyinin və baş nazirinin bu istiqamətdə açıqlamaları məqbuldur, lakin işin çətin olduğunu da qəbul etmək lazımdır”.