Britaniya taxtının varislərinə mobil telefon qadağası: Sarayda gərginlik


Britaniya taxtının varisi, Uels şahzadəsi Uilyam həyat yoldaşı hersoginya Keyt Middltonla birlikdə uşaqlarının texnologiyadan istifadəsini məhdudlaşdırdıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, şahzadə Uilyam cütlüyün böyük oğlu şahzadə Corcun cib telefonu istəyini rədd etdiklərini və bu qərarın bəzən ailə daxilində gərginliyə səbəb olduğunu etiraf edib.

Britaniya Kral Sarayında texnologiyanın ailə həyatına təsiri yenidən müzakirə mövzusuna çevrilib. Şahzadə Uilyam bildirib:

“Sosial medianın uşaqlar üzərindəki təsiri bizi narahat edir. Onları qorumaq istəyirik, başqa çarəmiz yoxdur. Düşünürəm ki, uşaqlar internetdə çox şeylə qarşılaşırlar və bəzilərini görmələrinə ehtiyac yoxdur.”

O, həmçinin əlavə edib:

“Corc bəzən dostlarının telefonlarından istifadə etdiyini görəndə əsəbiləşir, lakin biz onun uşaqlığını mümkün qədər qorumağa çalışırıq. Sosial media və internetin zərərlərindən qaçmaq bu gün hər bir valideyn üçün çətindir, amma biz əlimizdən gələni edirik.”

Kembric hersoginyası Keyt Middlton isə daha əvvəl bu mövzu ilə bağlı demişdi:

“Uşaqlarımızın ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdırırıq. Onların çöldə oynaması və real həyatı yaşaması bizim üçün çox vacibdir.”

Mütəxəssislər şahzadə Uilyamın bu mövqeyini rəqəmsal dövrdə artan texnoloji asılılıqlara qarşı nümunəvi addım kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, sosial medianın həddindən artıq istifadəsi uşaqlarda diqqət pozğunluğu, özünüqavrayış problemləri və narahatlıq pozğunluqlarına səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ