Əfqanıstanda Taliban hökuməti qərbdəki Herat şəhərində qadın xəstələrin, müşayiətçi şəxslərin və tibb işçilərinin dövlət xəstəxanalarına burka geyinmədən daxil olmasını qadağan edib.
Turkustan.az xəbər verir ki, bu barədə qərarı beynəlxalq tibbi xeyriyyə təşkilatı Sərhədsiz Həkimlər (MSF) açıqlayıb. Təşkilatın məlumatına görə, yeni qayda noyabrın 5-də qüvvəyə minib.
MSF-nin Əfqanıstan üzrə proqram meneceri Sara Şato (Sarah Chateau) BBC-yə bildirib:
“Bu məhdudiyyətlər qadınların həyatını daha da çətinləşdirir və onların səhiyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdırır. Hətta təcili tibbi yardıma ehtiyacı olan qadınların xəstəxanaya yerləşdirilməsi belə rədd edilir.”
Talibanın Əxlaq və Ədəb Nazirliyinin sözçüsü Saif-ul-İslam Xeybər isə MSF-nin iddialarını təkzib edib:
“Bizim nazirliyin ümumi mövqeyi ondan ibarətdir ki, qadınlar hicab geyinməlidirlər,” – deyə o bildirib.
Bununla belə, Heratda qadın fəallar və səhiyyə işçiləri bildiriblər ki, son bir həftə ərzində xəstəxanalara, məktəblərə və dövlət idarələrinə burqasız girişin qadağan edilməsi halları müşahidə olunur.
MSF-nin məlumatına görə, qərarın tətbiqindən sonra Herat Regional Xəstəxanasının uşaq sağlamlığı bölməsinə edilən təcili müraciətlərin sayı 28 faiz azalıb.
Təşkilat qeyd edib ki, xəstəxananın girişində Taliban üzvləri növbə çəkir və burka geyinməyən qadınları içəri buraxmır.
Aytən Yaşar/ Turkustan.az