Texniki nasazlıq hər zaman mümkündür. Aviasiya elə bir elm sahəsidir ki, bütün mümkün risklər əvvəlcədən hesablanır və onlara qarşı tədbirlər görülür. Heç bir pilot havada ən kiçik riski belə qəbul etmir, bu riski aradan qaldırmaq üçün yerdə tədbir görlür. Çünki havada texniki nasazlıq baş verərsə, təyyarə qəzaya uğrayar və nəticə ölüm olar. Buna görə də əgər ortada texniki nasazlıq varsa, bu, öncədən proqnozlaşdırıla bilməyən bir vəziyyət deməkdir.
Bu sözləri Bakupost.az -a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar Türkiyənin "C-130" təyyarəsinin Gürcüstanda qəzaya uğramasının mümkün səbəbləri barədə danışarkən deyib.

“İkinci ehtimal pilot xətasıdır, amma mən bu ehtimalı çox zəif sayıram. Çünki həmin təyyarədə 9-10 nəfərlik uçuş heyəti olur. Bir pilot səhv etsə belə, digəri onun səhvini dərhal düzəldə bilir. Onlar koordinasiyalı şəkildə işləyirlər.
Üçüncü ehtimal isə xarici amildir, yəni hava şəraiti. Amma hava şəraiti yaxşı olub, “dağa çırpılma” kimi bir məsələ də yoxdur. Bu halda biz artıq başqa istiqamətlərdə araşdırma aparmaq məcburiyyətində qalırıq. Məsələn, təyyarə daxilində partlayış ola bilərmi? Yaxud xaricdən müdaxilə baş veribmi? Əgər belədirsə, onda başqa sual ortaya çıxır: Bunu kim və nə məqsədlə etdi?” – deyə o bildirib.
Ekspertin sözlərinə görə, hazırda ortada bir çox fərziyyələr dolaşır və həqiqət yalnız araşdırmadan sonra məlum olacaq:
“Hazırda tamamilə spekulyativ vəziyyətdir. Olayla bağlı ən müxtəlif iddialar səsləndirilir”.
Ağar vurğulayıb ki, bütün ehtimallar hazırda yalnız düşüncə səviyyəsindədir və qəzanın əsl səbəbini müəyyənləşdirmək üçün texniki araşdırmaya ehtiyac var:
“Bu səbəbdən həqiqəti müəyyənləşdirmək üçün istintaq komissiyasının texniki araşdırmasına ehtiyac var. Yalnız bu araşdırmadan sonra daha dəqiq və əsaslı fikir bildirmək mümkündür. Ancaq bir məsələ qətidir: "C-130 Herkules" təyyarələri dünyanın ən etibarlı hərbi-nəqliyyat təyyarələrindəndir. Onların bu şəkildə qəzaya uğraması çox nadir haldır. Məhz buna görə də indi daha çox suallar yaranır”.