Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə Misirin Şarm əl-Şeyx hava limanına eniş zamanı zolağa yaxınlaşsa da, müəyyən səbəblərdən bir müddət eniş edə bilməyərək Qırmızı dəniz üzərində havada qalıb.
Turkustan.az xəbər verir ki, daha sonra təyyarə uğurla hava limanına enib.
Mövzu ilə bağl Həsən Öztürk canlı yayımda açıqlama verib. O, baş verənləri belə şərh edib:
“Biz təyyarədə olarkən Tramp İsraildə Netanyahu ilə görüşdü. Görüş zamanı Sisi ilə telefon əlaqəsi yaradıldı və Netanyahunun sammitə dəvət olunması istəndi. ‘Netanyahu Şarm əl-Şeyxə gedir’ xəbəri yayıldı. Açıq desəm, təyyarədə bu xəbər buz kimi təsir etdi. Öz aramızda “İndi nə olacaq?” sualı ətrafında müzakirələr apardıq.”
Öztürk əlavə edib ki, təyyarədə ən çox müzakirə olunan məsələ Netanyahunun, Qəzzada baş verənlər fonunda, “Sülh Zirvəsi” kimi təqdim edilən belə bir sammitə qatılmasının İslam ölkələrində necə qarşılanacağı olub:
“İraqdan reaksiyalar gəlməyə başladı. Biz bunu müzakirə etdiyimiz anda təyyarə enişə keçdi. Amma hava limanına yaxınlaşdıqdan sonra qəfil şəkildə təyyarə yenidən havaya qalxdı. Rəsmi heç bir açıqlama verilmədi. Mən məlumat deyil, təəssüratımı bölüşürəm: Netanyahunun iştirak edəcəyi ehtimalı atmosferi gərginləşdirdi. Ancaq son anda bu ehtimal aradan qalxdı və təyyarə uğurla eniş etdi. Ərdoğan da bu səbəbdən birbaşa Türkiyəyə dönmə qərarı aldı.”
Hazırda mövzu ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib. Prezident Ərdoğanın və heyətinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az