“İnstaqram” sosial şəbəkəsində yayılan bir videoda keçmiş sovet təhlükəsizlik general-mayoru Oleq Kalugin Rusiyanın eks-prezidenti Boris Yeltsinin vaxtında ABŞ-yə 500 ton zənginləşdirilmiş uran verilməsindən, daha dəqiqi, dəyərindən çox ucuz satılmasından bəhs edir.
Kalugin özü vaxtilə ABŞ tərəfinə keçmiş, bildiyi sirləri MKİ-yə ötürmüş bir adamdır. Hazırda onun 91 yaşı var, sağ-salamatdır, ABŞ-də yaşayır. Kaluginin dedikləri isə nə şər-böhtan, nə də uydurmadır, əsl həqiqətdir.
Belə bir hadisə həqiqətən olub. Sözügedən müqavilə 1993-cü ilin fevralında ABŞ vitse-prezidenti Albert Qorla Rusiyanın baş naziri Viktor Çernomırdin arasında imzalanıb və “Çernomırdin-Qor sazişi” adlanıb.
O illərdə “Rusiyanın xilası” olduğu düşünülən saziş son illərdə ciddi təftişə məruz qalıb və hazırda “dövlətə xəyanət” hesab edilir.
Məsələ orasındadır ki, 1990-cı illərin əvvəlində Rusiya çöküşdəydi, SSRİ dağılmışdı, müttəfiq respublikalar arasında iqtisadi-ticari əlaqələr böyük ölçüdə kəsilmişdi, strateji müəssisələr fəaliyyətini dayandırırdı, ölkədə siyasi, iqtisadi, hərbi planda xaos hökm sürürdü, dövlətin büdcəsi boşalmışdı. Belə bir zamanda Kremlə ölkəni kütləvi aclıqdan xilas etmək üçün pul lazım idi. Ona görə də dövlət əlində-ovcunda olan qiymətli şeyləri satıb-sovub qara qışdan salamat çıxmağa çalışan müflis ailəyə oxşayırdı.
1993-cü ilin fevralında imzalanmış həmin müqavilə Rusiyanın ABŞ-yə 500 ton yüksək zənginləşdirilmiş uranın göndərilməsini nəzərdə tuturdu. Rusiya 2013-cü ildə sonuncu uran partiyasını ABŞ-yə göndərərək müqavilə şərtlərinə tam əməl edib. Bu həcmdə urana görə Rusiya 11,9 milyard dollar alıb.
Sonradan rusiyalı auditorlar kalkulyatorlarını şaqqıldadaraq hesablayıblar ki, 500 ton yüksək zənginləşdirilmiş uranın bazar dəyəri təxminən 500 ton qızılın dəyərinə bərabərdir. O zamanlar qızılın bir qramı təxminən 40 dollara başa gəldiyindən 500 ton qızılın real dəyəri 20 milyard dollara bərabər olub. Amerikalılar isə Rusiyaya bu məbləğin yarısını ödəyiblər.
Nəticədə ABŞ-nin rus uranı ilə işləyən atom elektrik stansiyaları ucuz xammal əldə edərək effektiv fəaliyyət göstəriblə. Amerikalı istehlakçılar elektrik enerjisinə ruslardan daha az pul sərf ediblər.
1990-cı illərin əvvəlində Dövlət Dumasının təbii sərvətlər komitəsi sədrinin birinci müavini İvan Nikitçuk həyəcan təbili çalaraq bildirib ki, ABŞ ilə müqaviləni yerinə yetirməklə Rusiya strateji silah ehtiyatı olan uran resursunun təxminən yarısını itirir. O deyib ki, bazarda yüksək zənginləşdirilmiş uranın alınması baha başa gəlir, bu qədər uran onlarla AES-in fəaliyyətinə bəs edər.
Ancaq 500 ton uranın ABŞ tərəfinə təhvil verilməsi barədə qərarı Boris Yeltsin qəbul edib, sazişin düz-qoş işinin Təhlükəsizlik Şurasının sədri Yuri Skokov həyata keçirib, texniki aspektləri isə Yeqor Qaydar hazırlayıb. Qalmaqallı sövdələşməni Sergey Kiriyenko yekunlaşdırıb. Dumadakı kreslosunu itirmiş, lakin hələ də “uran sövdələşməsi” davası aparan İvan Nikitçuk sonradan da öz mövqeyindən dönməyərək deyib: “Silah dərəcəli uran-235-in amerikalılara verilməsi Rusiyanın müasir tarixinin ən biabırçı səhifələrindən biridir, ölkənin milli maraqlarına açıq-aşkar xəyanətdir”.
1990-cı illərin sonunda Dövlət Dumasının deputatları Lev Roxlin və Viktor İlyuxin Yuri Skokovu məsuliyyətə cəlb etməyə çalışıblar.
Ancaq L.Roxlin 1998-ci il iyulun 2-dən 3-nə keçən gecə Moskva vilayətinin Naro-Fominski rayonunun Klokovo kəndində öz bağ evində qətlə yetirilib. Rəsmi versiyaya görə, Əfqanıstan və Çeçenistan müharibəsinin iştirakçısı olan general Roxlini öz arvadı yatarkən güllələyib.
Şayiələrə görə, əslində Roxlin məhz ona görə cəzalandırılıb ki, o, Rusiya uranının xaricə daşınmasına görə məsuliyyət daşıyanları cəzalandırmaqda həddən artıq canfəşanlıq edib.
Bu versiyanı Rusiyanın keçmiş baş prokuroru, anti-Yeltsin qrupunun fəallarından biri olan Yuri Skuratov da təsdiqləyib.
O zaman bu məsələyə dair şərh verən S.Kiriyenko deyib ki, Rusiya bir çox ölkələr kimi uran hasil edir, bu, strateji resursdur və onu satmaq cinayət deyil. Kiriyenko sazişin ondan əvvəl imzalandığını və onun həmin sazişin müddəalarına riayət etməli olduğunu bildirib.
Ona görə də Rusiyanın beş müəssisəsi - Ural elektrokimya zavodu, elektrokimya kombinatı, Sibir kimya kombinatı, Anqarsk elektroliz kimya zavodu və “Mayak” istehsalat birliyi 20 il ərzində amerikalılar üçün silah dərəcəli uran emal edib. Bu müddət ərzində 500 ton yüksək zənginləşdirilmiş uran 14.446 ton aşağı zənginləşdirilmiş urana çevrilib və Amerika atom elektrik stansiyalarının tələbatının təxminən 40%-ni ödəyib.
Rusiyadan yarı qiymətə uran alması ABŞ-nin uran izotoplarının ayrılması texnologiyalarının inkişafını xeyli ləngidib. Ölkənin texnologiyaları 1990-cı illərin əvvəllərindəki səviyyədə qalıb. Rusiyadan alınan ehtiyatlar tükənən kimi amerikalılar uranın zənginləşdirilməsi texnologiyalarına yetişməli olacaqlar.
Ancaq bu, müasir ruslar üçün təsəlli deyiı. Onlar bu səmərəsiz sövdələşmənin federasiyaya xeyli ziyan vurduğunu bildirirlər. Yarı qiymətinə satılmış 500 ton silah uranı istehsal etmək üçün bir neçə yüz min insan 40 il zəhmət çəkib. On minlərlə insan təhlükəli işlərdə sağlamlığını itirib və həyatları əhəmiyyətli dərəcədə qısalıb. Mütəxəssisislər hesab edir ki, uranın qiyməti qızılın qiyməti ilə identik olduğu üçün hazırda 500 ton yüksək zənginləşdirilmiş uranın real dəyəri ən azı 8 trilyon dollardır.
Bu sazişin hazırlanmasında və realizə edilməsində rolu olanlardan yalnız biri, keçmiş atom enerjisi naziri Yevgeni Adamov sonradan külli miqdarda dələduzluqda ittiham olunub və 5 il müddətinə azadlıqdan məhrum edilib (daha sonra hökm yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərək əhəmiyyətli dərəcədə azaldılıb).
İndi bu qədər böyük sərvətin ABŞ-yə yarı qiymətə satıldığı üçün yanıb-yaxılan ruslar isə dövlətin belə bir sazişə qol qoymasının səbəblərini sanki unudur, bunu Yeltsinin öz daxili rəqiblərinə qalib gəlmək üçün ABŞ-dən dəstək almaq istəməsinə bağlayırlar. Ola bilər ki, Yeltsinin elə bir niyyəti olub. Gerçəkdən həmin illərdə məhz ABŞ Rusiyanın da SSRİ kimi dağılmasının qarşısını almaq üçün müəyyən tədbirlər gördü. Prezident Bill Klintonun Yeltsinə böyük simpatiyası vardı.
Rusiya həmin dövrdə uranını satmasa, viran qalacaqdı. Həmin illərdə ölkədə tüğyan edən banditizm və anarxiya haqqında söhbətlər hələ də davam edir.
Rusiyanın dirçəlməsi yalnız 2005-ci illərdən sonra baş verdi. Neft və qazın qiyməti kəllə-çarxa qalxdı, Putin banditizmi və separatizmi cilovladı, sənaye müəssisələri inkişaf etdi, Rusiya güclənəndən sonra köhnə ambisiyaları yenidən qabardı. /musavat.com/