İranda rejim çökərsə, Pezeşkian neytral fiqur kimi saxlanıla bilər - AÇIQLAMA


“İran rejimi hesab edir ki, onlar asanlıqla məğlub olmayacaqlar və dirəniş göstərəcəklər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Deputatın sözlərinə görə, dirənişin yaradılması, hökumətyönlü aksiyalar da göstərir ki, İran müharibəyə hazır olduğu mesajını verir:

“İranlı rəsmilər pafoslu çıxışlar edirlər ki, hücum olarsa, cavablarını alacaqlar. Məncə, bu, rejimi qoyub qaçmaq niyyətində olanların bəyanatı deyil. Əgər belə olsaydı, Tehran danışıqlar zamanı ABŞ-nin bütün şərtlərini qəbul edərək rejimdə hansısa dəyişikliyə gedərdi. Yaxud Ali Dini rəhbər islahat elan edərdi, Ali Dini Şuranı yığışdırar, real hakimiyyəti tamamilə sekulyar Pezeşkian hökumətinə ötürərdi, yeni demokratk seçkilərin olacağını bəyan edirdi”.

Müsahibimiz qeyd edib ki, ancaq hazırda bunlar görünmür:

“Pezeşkian hazırda müqavimət qrupuna formal rəhbərlik edir. Əsas güc, rejimin onurğa sütunu SEPAH-dır. İranda rejim məhz bu qüvvələrə etibar edir. SEPAH-ın hazırda 600 min, ehtiyatda isə milyonlarla nəfər hərbi gücü var. ABŞ İranı sadəcə havadan bombalamaqla məğlub edə bilməz. Çünki İran Livan, Suriya, İraq deyil”.

T.Gəncəliyevə görə, digər məsələ odur ki, İran kimi böyük bir ölkəyə quru qoşunları çıxarmaqla, daxildəki proseslərə müdaxilə mümkünsüzdür. Hətta İsrailin də belə bir gücü yoxdur. Ehtimal ki, İran rejimi zərbələrə dözəcək və hakimiyyətini qorumağa çalışacaq. Bu halda isə Rusiya və Çin İrana köməklik göstərəcək”.

Tural Gəncəliyev: Qərb alternativ kimi heç də xaricdəki Pəhləvi nümayəndələrini nəzərdən keçirmir

Həmsöhbətimiz bəyan edib ki, onsuz da şimal qonşumuz - Rusiya müharibə şəraitindədir:

“İstəmərik ki, cənub qonşumuz İran da müharibəyə qoşulsun. Bu, regiona mənfi təsir göstərər. Amma Azərbaycan bütün ssenarilərə hazırdır. ABŞ-nin əsas istəyi İranda rejimin dəyişməsidir və addımlarını da bu istiqamətdə atır. Amma Qərb alternativ kimi heç də xaricdəki Pəhləvi nümayəndələrini nəzərdən keçirmir. Çünki Pəhləvilərin İran seqmentində heç bir nüfuzu yoxdur. Ola bilsin, onu sadəcə marginal qruplar dəstəkləyir. İranda 1979-cu ildə baş vermiş İran İslam inqilabı da məhz Pəhləvilərə nifrətdən baş vermişdi. Əgər İranda rejim gedərsə, çökərsə, Pezeşkian neytral fiqur kimi saxlanıla bilər”.


MANŞET XƏBƏRLƏRİ