Dünya dollarının taleyi Trampın əlinə keçir? ŞOK


ABŞ-da Federal Ehtiyat Sisteminin (Federal Reserve-FED) müstəqilliyi ətrafında yeni siyasi qarşıdurma formalaşır.

Turkustan.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mövcud FED sədri Cerom Pauellə bağlı araşdırma başlatması, Prezident Donald Trampın qarşıdan gələn aylarda Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin etmək imkanlarını dəyişdirə və bu sahədə uzunmüddətli güc balansına təsir göstərə bilər.

Ağ Evdə Federal Ehtiyat Sisteminə rəhbərlik üçün ən mühüm keyfiyyətlərdən biri prezidentə sədaqət kimi təqdim olunur. Prezident Trampın favorit namizədi, Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassetdir.

Senat Bank Komitəsinin üzvü, Şimali Karolinalı respublikaçı senator Tom Tillis Hasseti yüksək qiymətləndirsə də, Pauellin araşdırılması fonunda onun prezidentlə yaxın əlaqələrinin namizədlik prosesində suallar doğura biləcəyini deyib.

Politico-nun yazdığına görə, Pauellə bağlı araşdırma yalnız hüquqi məsələ deyil, eyni zamanda Federal Ehtiyat Sisteminin siyasi müstəqilliyi prinsipini də ön plana çıxarır. Bu proses prezidentin FED rəhbərliyinə müdaxilə imkanlarını dəyişdirə və Trampın may ayında yeni sədr təyin etmək planını gecikdirə bilər. Əgər Pauell sədrlikdən getsə belə, o Fed İdarə Heyətində 2028-ci ilin yanvarına qədər qala bilər və bu da Tramp üçün daha bir təyinetmə imkanını bağlayar.

Konqresdə isə Federal Ehtiyat Sisteminin müstəqilliyi məsələsi daha kəskin vurğulanır. Nümayəndələr Palatasının respublikaçı üzvü Don Beykon bildirib ki, Fed-in müstəqilliyi “ABŞ üçün fundamental əhəmiyyət daşıyan prinsipdir” və təsdiqləmə prosesində nəzərə alınmalıdır. Senat çoxluğunun lideri Con Tun da Fed-in “siyasətdən kənarda fəaliyyət göstərməsinin vacibliyi”ni qeyd edib.

Beləliklə, Federal Ehtiyat Sisteminin rəhbər seçimi artıq sadəcə iqtisadi və texniki məsələ deyil, həm də Vaşinqtonda yeni siyasi mübarizə xəttinə çevrilib. Bu mübarizənin mərkəzində isə ABŞ-dakı əsas iqtisadi institutlardan birinin – Federal Ehtiyat Sisteminin – siyasi hakimiyyət qarşısında nə qədər müstəqil qalacağı sualı dayanır.

Federal Ehtiyat Sistemi yalnız ABŞ üçün deyil, həm də dünya üçün kritik əhəmiyyətə malik qurumdur. Fed-in müəyyən etdiyi faiz dərəcələri qlobal dollar dövriyyəsini, kredit xəttlərini, enerji və xammal bazarlarını, hətta inkişaf etməkdə olan ölkələrin valyutalarını belə formalaşdırır. Buna görə də Vaşinqtonda Federal Ehtiyat Sisteminə kimin rəhbərlik edəcəyi faktiki olaraq beynəlxalq maliyyə axınlarının istiqamətinə də təsir edir. Trampın Fed üzərindən təsir imkanlarını artırması həm Amerikanın daxili maliyyəsinə, həm də qlobal maliyyə sisteminə nəzarət mexanizmini genişləndirmək anlamına gələ bilər. Bu isə dünyanın ən güclü iqtisadi silahlarından birinin Trampın əlinə keçməsi deməkdir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ