İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri


İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu gün keçirdiyi mətbuat konfransında rəsmi İrəvana qarşı xəbərdarlıq kimi qiymətləndirilən bəyanatlar verib. Tehranın bu mövqeyinin müəyyən səbəblərdən qaynaqlandığı görünür.

Birincisi, İranın İrəvandakı səfirliyinin önündə Pəhləviyə və etirazlara dəstək aksiyasının keçirilməsidir.

Ermənistan hakimiyyəti İranla bağlı yaranmış beynəlxalq gündəlik fonunda bu aksiyanın qarşısını almaqda maraqlı deyil. Tehran bunu anlayır.

İkincisi, ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi qarşısında Tehran yenidən “Ermənistan kartına” oynayır.

44 günlük müharibədən sonra İranın Ermənistan siyasəti regional maraqları ilə yanaşı, həm də lazımi məqamlarda Qərb ölkələrinə “regionunuzdakı müttəfiqinizi qoruyuram” mesajı veməklə dəstək qazanmağa – müdaxilənin önünü almağa hesablanıb. Mümkün müdaxilənin gözlənildiyi vaxt istisna deyil ki, Tehranın İrəvanı ittiham etməsi həm də Qərb ölkələrinə, xüsusilə Avropaya “Ermənistanı dəstəkləməkdən imtina edirəm” xəbərdarlığıdır. Bu, çıxılmaz vəziyyətdə olan İran rejiminin Qərbi müdaxilədən çəkindirmək üçün son həmlələri kimi qəbul oluna bilər.

Üçüncüsü, TRİPP layihəsi – Zəngəzur dəhlizi ilə bağlı son razılaşmadır.

ABŞ və Ermənistan Zəngəzur dəhlizi razılaşmasının icrası ilə bağlı birgə bəyanat imzaladı. İndiyə qədər dəhlizə qarşı Ermənistan üzərindən müqavimət göstərə bilən İran İrəvanın imzası ilə bu imkandan məhrum oldu. Bəyanatın imzalandığı gün İran səfirinin açıqlamaları, xüsusilə “Ermənistan İrana düşmən qüvvələrin hərəkətlərinin mərkəzinə çevrilir” sözləri İrəvana xəbərdarlıqdır.

İran Ermənistanın ABŞ-la yaxınlaşmaq siyasətində Tehranın da maraqlarını nəzərə almasına çalışır, bu məqsədlə indiyə qədər siyasi-iqtisadi dəstək verilib, indi isə sərt siyasi xəttə keçə biləcəklərini göstərir. Hərçənd, Paşinyan hakimiyyəti regionda artıq Bakı-Ankara cəbhəsində yer almağı seçib. Mövcud şərtlərdə İranın əlində ritorikadan başqa heç nə yoxdur. /axar.az/


MANŞET XƏBƏRLƏRİ