İranda gərginlik yeni mərhələyə keçir


ABŞ prezidenti Donald Trampın son çıxışı İran böhranının mahiyyətini dəyişdirən dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Onun etirazçılara “qurumlarınızı ələ keçirin, yardım yoldadır” mesajı verməsi Vaşinqtonun hadisələri sadəcə müşahidə etmək niyyətində olmadığını göstərdi.

Bu bəyanat həm psixoloji üstünlük yaratmağa, həm də İran daxilində yaranmış qeyri-müəyyənliyi daha da dərinləşdirməyə yönəlmiş siqnal təsiri bağışladı. İran rəhbərliyindəki narahatlığın artması, eləcə də cəmiyyətin müxtəlif təbəqələri arasında gərginliyin yüksəlməsi bunun ilk nəticələri kimi nəzərə çarpır.

Hazırkı situasiyanı əvvəlki etiraz dalğalarından fərqləndirən başlıca məqam prosesin eyni vaxtda üç səviyyədə inkişaf etməsidir.

Birincisi, küçələrdə kütləvi narazılıq mövcuddur və bu narazılıq kütlənin yorulması ilə bitəcək klassik dövr deyil. Etirazçılar özlərini tək hiss etmirlər, çünki beynəlxalq reaksiyalar onların fikrincə “qoruyucu çətir” rolunu oynaya bilər.

İkincisi, rejim daxilində səssiz narazılıq qrupları formalaşmağa başlayıb. Siyasi, iqtisadi və dini elitanın bir hissəsi ölkənin ağır təcrid vəziyyətinə düşəcəyini anlayır və bu narazılıq yaxın aylarda daha açıq xarakter ala bilər.

Üçüncü səviyyə beynəlxalq diplomatiyadır. Vaşinqton və Tehran arasında təmasların müəyyən mərhələyə qədər davam etməsi, eyni zamanda ABŞ-ın danışıqları dayandırdığını açıqlaması, prosesin məhz hansı istiqamətdə hərəkət edəcəyini qeyri-müəyyən saxlayır.

Mümkün müdaxilə yalnız hərbi zərbələrin tətbiqi kimi qiymətləndirilməməlidir. İranın informasiya sistemlərinə, maliyyə infrastrukturuna, siyasi qərar mərkəzlərinə təsir göstərmək də Vaşinqtonun seçimləri arasındadır. Bu təsir formaları bəzən açıq bombardman qədər nəticə verən alətə çevrilə bilir. ABŞ müharibəyə başlamaqdan əvvəl adətən rəqib ölkənin müdafiə qabiliyyətini yumşaltmağa üstünlük verir. Mövcud halda da belə bir hazırlıq mərhələsinin getdiyini düşünmək mümkündür. İranın regiondakı müttəfiqlərinin passiv mövqedə qalması Tehran üçün əlavə risk yaradır və bu faktor daxili siyasi balansı dəyişə bilər.

Rejimin dayanma gücü uzun illərdir möhkəm görünürdü. Lakin hazırkı böhran İran dövlət sisteminin təməl mexanizmlərinin nə qədər köhnəldiyini də ortaya çıxardı. SEPAH və Bəsic kimi strukturların etirazlar qarşısında sərt güc tətbiqi qısa müddətlik üstünlük yaratsa da, ölkənin hər yerində davam edən narazılıqları uzunmüddətli perspektivdə cilovlamağa kifayət etmir. Əhali artıq təkcə iqtisadi problemlərə yox, bütövlükdə idarəçilik modelinə qarşı çıxır. Gənc nəsil İranın gələcəyində məcburi ideoloji çərçivə görmək istəmir. Bu isə rejimin ən çox qorxduğu sosial reallıqdır.

Tramp administrasiyasının mövqeyi də maraqlıdır. ABŞ açıq şəkildə rejimin davranışlarını dəyişmədən danışıqlara qayıtmayacağını bildirir. Bu yanaşma Vaşinqtonun iki ehtimal üzərində düşündüyünü göstərir. Birincisi, İran rəhbərliyi kütləvi etirazların təzyiqi altında müəyyən siyasi və hüquqi dəyişikliklərə razı ola bilər. Bura etirazçıların tələblərinin diqqətə alınması, təhlükəsizlik aparatının davranışlarına nəzarətin gücləndirilməsi və nüvə proqramı ilə bağlı kompromislər daxildir. İkinci ehtimal isə rejimin dəyişdirilməsinin daha genişmiqyaslı prosesə çevrilməsidir. Bu variant daha uzun və çətin yol deməkdir, lakin İran daxilində parçalanmanın dərinləşməsi fonunda zamanla real seçimə çevrilə bilər.

Bu mənzərə İranın gələcəyini qeyri-müəyyən edir. Hadisələr nə tamamilə daxili üsyana, nə də xarici müdaxiləyə tam bağlanır. Proses əksinə, hər iki istiqamətin paralel şəkildə bir-birini qidalandırdığı yeni tipli böhrana bənzəyir. Rejimin və cəmiyyətin reaksiyası, ABŞ-ın qərarları, bölgədəki güclərin səssiz davranışı və Tehranın öz səhvlərinin miqyası yaxın dövrdə İran siyasi nizamının necə formalaşacağını müəyyən edəcək.

Bu gün görünən ən mühüm nəticə budur ki, İran artıq əvvəlki İran deyil. Repressiyalar dayansa belə, etirazların yaratdığı siyasi çatlar asanlıqla bağlanmayacaq. Dəyişiklik tələb edən nəsil mövcuddur və bu nəsil geri çəkilməkdən daha çox irəli addımlamağa meyllidir. ABŞ müdaxilə etsə də, etməsə də İranın siyasi sistemində sabitlik uzun müddət bərpa olunmayacaq. Dövlət strukturunun gələcəyi indi həm küçədəki insanların mövqeyindən, həm də Vaşinqtonun hansı mərhələdə hansı qərarı verəcəyindən asılıdır. Bu isə vəziyyəti Yaxın Şərq üçün yeni və çox mürəkkəb mərhələyə çevirir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ