Putin: Biz texnologiyada müstəmləkəçiliyi rədd edirik


Rusiya prezidenti Vladimir Putin texnologiya sahəsində müstəmləkəçiliyə qarşı olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Putin bu fikirləri Moskvada keçirilən Qlobal Atom Forumunda — Rusiya nüvə sənayesinin 80 illik yubileyi münasibətilə təşkil olunan Ümumdünya Atom Həftəsi çərçivəsində səsləndirib.

Prezident çıxışında bildirib ki, yaxın onillikdə məlumat mərkəzlərinin enerji tələbatı üç dəfə artacaq və bu səbəbdən nüvə enerjisi sabit və fasiləsiz enerji təminatı baxımından strateji əhəmiyyət daşıyır. O, həmçinin nüvə enerjisinin iqlimə minimal təsir göstərən yaşıl texnologiya kimi önəmini vurğulayıb.

Putin dinc nüvə enerjisinin gələcəkdə əsasən Qlobal Cənub və Şərq ölkələri tərəfindən təmin ediləcəyini proqnozlaşdıraraq, Rusiyanın bu sahədə beynəlxalq əməkdaşlığı dəstəklədiyini bildirib:
“Biz ölkələrin dinc nüvə enerjisindən istifadə istəklərini qeyd-şərtsiz dəstəkləyirik.”

O, Rusiyanın inşa etdiyi atom elektrik stansiyalarının təhlükəsizlik baxımından yüksək səviyyədə olduğunu qeyd edib və siyasi vəziyyətdən asılı olmayaraq, tərəfdaşlıqların öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıb.

“Dinc nüvə texnologiyaları beynəlxalq əməkdaşlığın və dövlətlərarası yaxınlaşmanın əsas amilidir,” – deyə Putin çıxışını tamamlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ