Zelenski: "Rusiya müharibəni genişləndirir, təcili bunu etməliyik"


Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiyanın müharibə zonasını genişləndirməyə çalışdığını vurğulayaraq yeni təhlükəsizlik arxitekturasının qurulmasına ehtiyac olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasının iştirakçıları qarşısında çıxış edən Zelenski Rusiyanın ölkəsinə hücumlarını davam etdirdiyini və son vaxtlar Avropa ölkələrinin hava məkanında Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) aşkarlandığını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirmək niyyətində olduğunu ifadə edən Zelenski, “Rusiya pilotsuz təyyarələri indi Avropa üzərində uçur və Rusiya əməliyyatları bir çox ölkəyə yayılır. Putin bu müharibəni davam etdirmək və genişləndirmək istəyir. Heç kim özünü təhlükəsiz hiss edə bilməz. Biz yeni təhlükəsizlik arxitekturası qurmalıyıq” dedi.

Zelenski həmçinin Rusiya ordusunun Zaporojya Atom Elektrik Stansiyasına (AES) yaxın ərazilərə hücumlarını davam etdirdiyini bildirərək, bunun bütün dünya üçün böyük təhlükə yaratdığını əlavə etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ