Türkiyə də daxil olmaqla 16 ölkənin xarici işlər nazirləri Qlobal Sumud Donanmasına qarşı mümkün hücumlarla bağlı narahatlıq ifadə edərək, beynəlxalq hüquqa və humanitar prinsiplərə hörmət göstərməyə çağırıblar.
Turkustan.az xəbər verir ki, Türkiyə, Banqladeş, Braziliya, Kolumbiya, İndoneziya, İrlandiya, Liviya, Malayziya, Maldiv adaları, Meksika, Pakistan, Qətər, Oman, Sloveniya, Cənubi Afrika Respublikası və İspaniyanın xarici işlər nazirləri Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola düşən Qlobal Sumud Donanması ilə bağlı birgə bəyanat yayımlayıblar.
Bəyanatda bildirilir ki, donanmanın məqsədi Qəzzada yaşayan fələstinlilərə təxirəsalınmaz humanitar yardım çatdırmaq və bölgədəki vəziyyətə diqqət çəkməkdir. Eyni zamanda, sülh və insanlıq prinsiplərinə əsaslanan bu təşəbbüsə qarşı istənilən qeyri-qanuni və zorakı hərəkətin qəbuledilməz olduğu vurğulanır:
“Biz beynəlxalq sularda gəmilərə edilə biləcək hücumların, qanunsuz həbslərin və digər təzyiq metodlarının insan hüquqlarının kobud pozuntusu olduğunu xatırladır və bunun hüquqi məsuliyyətə səbəb olacağını bildiririk.”
Nazirlər beynəlxalq ictimaiyyəti bu təşəbbüsə qarşı mümkün təhlükələrə qarşı diqqətli olmağa çağırıblar və qeyd ediblər ki, Qlobal Sumud Donanmasının təhlükəsizliyinə zərər vurmaq beynəlxalq hüquqa ziddir.
Aytən Yaşar/ Turkustan.az