Fransanın “Le Figaro” qəzeti Türkiyənin yeni Milli Təyyarə Daşıyıcı layihəsi ilə bağlı diqqətçəkən yazı dərc edib.
Turkustan.az xəbər verir ki, məqalədə Türkiyənin bu layihəsi Fransanın hazırkı flaqmanı, 261 metr uzunluğa və 42,5 min tonluq tutuma malik “Şarl de Qoll” aviadaşıyıcısı ilə müqayisə edilib.
Bildirilib ki, uzunluğu 285, eni 72 metr, tutumu isə 60 min tondan çox olan nəhəng Türkiyə gəmisi “Şarl de Qoll”-u geridə qoyacaq.
Qəzetin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə TEKNOFEST çərçivəsində “Mavi Vətən”də Türkiyənin ilk Milli Təyyarə Daşıyıcısı “MUGEM” layihəsini rəsmən başladıb. Bildirilib ki, gəmi 2027-2028-ci illərdə suya buraxılacaq və 2030-cu ildə xidmətə qəbul ediləcək.
“MUGEM”-in əsas üstünlüklərindən biri onun həm döyüş təyyarələrini, həm də “Kızılelma” və “ANKA 3” kimi son nəsil pilotsuz uçuş aparatlarını daşımaq qabiliyyətinə malik olmasıdır.
Layihənin 80 faizindən çox komponentinin Türkiyədə istehsal ediləcəyi qeyd olunur. Türkiyəli mühəndis Aykut Dəmirəzən bildirib ki, yeni aviadaşıyıcı yanacaq doldurmadan Türkiyədən ABŞ-ın Nyu-York şəhərinə qədər məsafə qət edə biləcək. Onun sözlərinə görə, xüsusi hidrodinamik dizayn yanacaq sərfini təxminən 1,5 faiz azaldır.
“Le Figaro”nun şərhində qeyd olunur ki, bu layihə reallaşarsa, Türkiyə ABŞ, Rusiya, Fransa və Çin kimi məhdud sayda ölkənin yer aldığı “aviadaşıyıcılar klubuna” daxil olacaq./publika.az