Kanada Rusiya neftinin qiymətini 12 faiz aşağı salacaq


Kanada Kremlin müharibəni maliyyələşdirməsini çətinləşdirmək üçün tezliklə Rusiya neftinin tavan qiymətini 12% aşağı salmaq niyyətindədir.

Turkustan.az xəbər verir ki, bunu Ottavada Kanadanın maliyyə naziri Fransua-Filip Şampan deyib.

Kanadanın Ticarət naziri Fransua-Filip Şampan bildirib ki, Rus xam neftinin qiymət tavanının aşağı salınması ilə Kanada və tərəfdaşları Rusiyaya iqtisadi təzyiqi artırır və onun qeyri-qanuni müharibəsi üçün kritik maliyyə mənbələrini məhdudlaşdırırlar.

Kanada Maliyyə Nazirliyi dəqiqləşdirib ki, ölkə Rusiya neftinin tavan qiymətini bir barel üçün 60 ABŞ dollarından 47,6 dollara endirəcək. Nazir vurğulayıb: “Hökumətimiz Ukraynanın sadiq müttəfiqi olaraq qalır və biz ona öz xalqının ərazi bütövlüyünü, suverenliyini və sülhünü qorumaqda dəstək göstərməyə davam edəcəyik.”

Bildirək ki, iyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib. Yeni sanksiyalar çərçivəsində Rusiya neftinin tavan qiyməti də 47,6 ABŞ dollarına endirilib.

Eyni zamanda, gələcək qiymət limitlərinin müəyyən olunması üçün avtomatik və dinamik mexanizm tətbiq olunacaq. Bu mexanizmə əsasən, limit qiyməti həmişə əvvəlki hesabat dövründə Urals markalı xam neftin orta bazar qiymətindən 15% aşağı müəyyən ediləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ