Türkiyə ABŞ-ın atom sualtı qayıqlarını Qara dənizə BURAXMAYACAQ?


ABŞ-ın atom sualtı qayıqları Qara dənizə keçmək üçün Türkiyədən icazə almalıdır. Bu tələb Montreux Konvensiyasının müddəalarına əsaslanır.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiye qəzeti beynəlxalq hüquq üzrə ekspertlərə istinadən məlumat yayıb.

Mövzunun gündəmə gəlməsinə səbəb ABŞ prezidenti Donald Trampın 1 avqust tarixli bəyanatları olub. Tramp bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin “son dərəcə təxribatçı bəyanatlarına” cavab olaraq iki atom sualtı qayığa “uyğun bölgələrə” yönəlmək əmri verib. Sonradan o, həmin sualtı qayıqların artıq Rusiyaya daha yaxın mövqedə olduğunu dəqiqləşdirib.

Qəzet yazır: “Əgər ABŞ Qara dənizdə atom sualtı qayıqlar yerləşdirmək istəyirsə, bu, Montreux boğazlar konvensiyasına uyğun şəkildə Türkiyədən icazə alınmaqla həyata keçirilməlidir”.

Montreux Konvensiyası boğazlardan hərbi gəmilərin keçidi üzərində ciddi nəzarət rejimi müəyyən edir. Konvensiyaya əsasən, Qara dənizə sahəsi olmayan ölkələrin donanmalarının bu akvatoriyada qalma müddəti məhdudlaşdırılır və atom sualtı qayıqların burada daimi yerləşməsi qəti şəkildə qadağandır.

Qeyd edək ki, boğazların hüquqi statusunu tənzimləyən Montreux Konvensiyası 1936-cı ildə imzalanıb və bu günə qədər Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçidini tənzimləyən əsas sənəddir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ