“Danışıqlarda nəticə əldə olunması, atəşkəsin təmin edilməsi — ilk növbədə Ukraynanın marağındadır. Rusiya isə, öz növbəsində, Tramp ilə dialoqu davam etdirmək, sanksiya paketlərini bloklamaq və ya gecikdirmək, dinc Ukrayna şəhərlərini bombalamaqda davam etmək və Qlobal Cənub ölkələri qarşısında “sülhsevər” kimi görünmək üçün danışıqlar prosesini başlamaqda maraqlıdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko deyib.
Rusiya-Ukrayna müharibəsində Moskvanın mövqeyi haqqında danışan Buryaçenko, Kremlin sülh istəmədiyini bildirib:
“Məhz buna görə də Lavrov, Peskov və Kremlin digər nümayəndələri Ukraynanın İstanbul formatındakı "proses naminə proses" yanaşmasını konkret nəticələrin əldə olunmasına yönəltmək cəhdlərinə bu qədər aqressiv və əsəbi reaksiya verirlər. Gördüyümüz kimi, Türkiyə, Prezident Ərdoğanın simasında, moderatorluq funksiyasını yerinə yetirmək üçün maksimum konstruktiv mövqe sərgiləyir.
Amma ədalət naminə deməliyik ki, İstanbulda keçirilən ilk üç turda hər hansı real nəticə əldə olunmadı və bu, məhz Rusiya nümayəndə heyətinin destruktiv mövqeyi ilə bağlı idi. Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etdi ki, Rusiya sülhə doğru atılacaq qərarlardan yayınmağı dayandırmalıdır”.
Buryaçenko qeyd edib ki, Ukraynaya sülh lazımdır:
“Tramp münaqişənin siyasi həllinə başlamaq istəyir, Ərdoğan üçün isə bu, onun qlobal moderator və sülhməramlı imicini gücləndirəcək ciddi reputasiya üstünlüyüdür.
Yeganə problem Putin və onun müharibəni davam etdirmək, ətrafına ölüm və dağıntı yaymaq istəyi ilə bağlıdır. Amma əslində o, yalnız gücə və məcburiyyətə reaksiya verir. Diplomatiyanı və siyasi nizamlanma cəhdlərini, əgər bu, onun maraqlarına uyğun deyilsə, sadəcə zəiflik kimi qəbul edir. Bu səbəbdən Trampın ritorikasındakı dəyişikliklər, Putinin destruktiv mövqeyini nəzərə alaraq, tamamilə məntiqli və gözlənilən addımdır. Trampın Moskvanın bombalanması ehtimalı ilə bağlı verdiyi mesaj hələlik daha çox siyasi siqnaldır, lakin bununla yanaşı, potensialı və gücü nümayiş etdirən bir eyhamdır”.
Rusiyaya hücumlar davam edəcək
Ekspert əlavə edib ki, bu gün yüksək texnologiyalar dövründə, İran nümunəsində olduğu kimi, bombalayıcı təyyarələr və raketlər göndərmək artıq vacib deyil:
“Ukrayna Təhlükəsizlik Xidmətinin “tor” tipli asimmetrik xüsusi əməliyyatları kimi üsullar daha təsirli və simvolikdir. Bu tip zərbələr düşməni düz ürəyindən vurur və heç bir hava hücumundan müdafiə sistemi bu zərbələrin qarşısını ala bilməz.
Yəni sivil dünya əslində Putinə qarşı kifayət qədər güclü arqumentlərə malikdir — sadəcə, onun bunu anlayıb-anlamadığını zaman göstərəcək. Rusiya Ukraynaya hücum edib və bu danılmaz faktı nəzərə alaraq, Ukraynanın BMT Nizamnaməsinə uyğun olaraq özünü müdafiə etmək hüququ tamamilə qanunidir.
Müharibənin düşmən ərazisinə keçirilməsi — Rusiyaya təzyiq göstərmək və onu sülhə məcbur etmək üçün təsirli vasitədir.
Bu təhlükəlidirmi?
Əlbəttə ki, təhlükəlidir. Amma bu, Ukrayna üçün atılması vacib olan bir addımdır. Ukrayna bunu edəcək — istər ABŞ raketləri ilə, istərsə də onlarsız, çünki Kiyev artıq öz ballistik imkanlarını fəal şəkildə sınaqdan keçirir.
Ukrayna ədalətli sülhü bütün mümkün vasitələrlə yaxınlaşdırmağa davam edəcək və bu müharibənin — İkinci Dünya Müharibəsindən sonra Avropadakı ən qanlı və ən böyük münaqişənin başa çatmasını istəyən hər kəsə də bunu etməyi tövsiyə edir”.