İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Cəbəl Amuli növbəti dəfə Azərbaycana dair iddiaları ilə gündəmə gəlib. O, İran-İsrail müharibəsi dövründə azərbaycanlı bir şəxsin ona zəng edərək İranın qələbəsi üçün nəzir dediyini bildirib. Amuli həmçinin başqa bir azərbaycanlının yanına gələrək Qasım Süleymaninin onun hansı çiyninə əl qoyduğunu soruşduğunu, cavab aldıqdan sonra isə həmin çiyni öpdüyünü söyləyib.
Amulinin bu çıxışını necə dəyərləndirmək olar?
Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, İranda mövcud olan xüsusi qüvvələr və şəxslər zaman-zaman iki ölkə arasında nifaq, düşmənçilik hisslərini nümayiş etdirirlər:
“Fikrimcə, Amuli xüsusilə belə hisslərlə yaşayan şəxslərdən biridir. O, özünü azərbaycanlı adlandırsa da və bəzən guya ölkəmizə fərqli münasibət sərgilədiyini göstərsə də, bu, sözlə deyil, əməldə təsdiqlənməlidir. Halbuki, Amulinin davranışlarında əksini görürük. İranın dini liderini təmsil edən bir şəxsin bu cür rəsmi mövqeyə zidd, məsuliyyətsiz fikirlər səsləndirməsi təkcə onun deyil, həm də Tehranın imicinə və nüfuzuna xələl gətirir. Bu, eyni zamanda dövləti idarə edən şəxslərin mahiyyətini və idarəetmədəki ziddiyyətləri üzə çıxarır. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən beş il keçsə də, bu reallığı hələ də bəzi dairələr həzm etmir, müəyyən qüvvələrin qısqanclığı və narahatlığı müşahidə olunur”.

Xəyal Bəşirov
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim üçün vacib olan İranın əyalət mollalarının deyil, rəsmi şəxslərin, yəni prezidentin və xarici işlər nazirinin mövqeyidir:
“Məhz bu şəxslərin mövqeyində biz belə bəyanatların şahidi olmuruq. Yəni səslənən fikirlər həmin əyalət mollalarının və İranda fəaliyyət göstərən bəzi anti-Azərbaycan qüvvələrinin şəxsi mövqeyidir. Belə yanaşma zamanla əhəmiyyətini itirəcək, özləri kimi aradan qalxacaq. Çünki İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra dəfələrlə bu cür bəyanatlar səslənib, lakin onların heç biri Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni reallıqlara təsir göstərə bilməyib və göstərə də bilməyəcək”.
X.Bəşirov bildirib ki, indiki məqamda Amulinin söylədikləri təsadüf deyil:
“Çünki Azərbaycan artıq sülh sazişinin mətnini paraflayıb və Cənubi Qafqazda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində konkret addımlar atır. Bu, məhz bəzi qüvvələrin qəbul edə bilmədiyi, “qırmızı xətt” adlandırdığı layihədir. Onların narazılığı və nifrəti də buna yönəlib. Lakin İkinci Qarabağ müharibəsindən sonra baş verən bütün proseslər Bakının şərtləri və diktəsi ilə reallaşır. Bu cür bəyanatlar və cəhdlər isə hər dəfə uğursuzluğa düçar olur. Bu gün oxşar fikirləri təkcə İrandan deyil, bəzən Rusiyadan və digər regionlardan da eşitmək mümkündür. Lakin bu, bizi narahat etmir, çünki Azərbaycan üçün əsas olan rəsmi mövqedir. Hazırda Bakı sözügedən məsələləri, şəxsləri ciddi qəbul etmir və xüsusi narahatlıq doğuracaq səviyyədə qiymətləndirmir”.