Dünyanın danışdığı müsəlman: Ona hansı tapşırıq verilib? – Ermənistan detalı


“Nyu Yorkun yeni seçilən meri Zöhran Mamdani hind kökənlidir, lakin onun müsəlman olduğunu da qeyd etmək lazımdır. Hətta bütün aparıcı media qurumları onu Nyu Yorkun ilk müsəlman meri olaraq təqdim edirlər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ekspert bildirib ki, Nyu York merliyi önəmlidir, lakin strateji post deyil:

“Məsələn, belə bir deyim var, İstanbulu fəth edən, bütün Türkiyəyə sahib olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbul merliyindən indiki məqamına yüksəlib. Lakin Nyu York merliyini bənzər şəkildə təsvir etmək olmur. Nyu Yorkun meri olub daha sonra ABŞ prezidenti seçilən heç kim yoxdur. Baxmayaraq ki, bir çox merlər seçkilər zamanı prezidentliyə namizədlik irəli sürüblər. Aydındır ki, Hindistan dünyanın aparıcı ölkələrində özünə bağlı şəxslərin liderlik postuna yiyələnməsinə çalışır. Məsələn, ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə vitse-prezident olan Kamala Harris də, Britaniyanın sabiq baş naziri Rişi Sunak da hindlidir.

Lakin, bu məqam da var ki, hindlilər ABŞ-da demokratların, Britaniyada konservativlərin arasında mövqe tutaraq yüksəlirlər. Bayden administrasiyasının dövründə ölkəmizin ABŞ-la münasibətlərinin necə gerilədiyini xatırlasaq, bu tendensiya heç də milli maraqlarımızla ahəng təşkil etmir. Yaxud, Sunak özünü Tetçerist, lakin ondan biraz da az iqtisadi liberal olaraq təqdim edirdi. Həm də onun dövründə Britaniya tarixdə ilk dəfə Ermənistan ilə Strateji Dialoqa başladığını bəyan etmişdi. Doğrudur, bu, məhz Sunakın “hünəri” sayəsində deyildi, ümumi qlobal geosiyasi proseslərlə əlaqədar idi, lakin diqqətə dəyər faktdır. Beləliklə hind əsilli şəxslərin dünyanın aparıcı dövlətlərində strateji postlara yerləşdirilməsini Hindistanın dünya siyasətinə təsir mexanizmi yaratmağa çalışması kimi dəyərləndirmək olar”.

Dünyanın danışdığı müsəlman: Ona hansı tapşırıq verilib? – Ermənistan detalı
Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, Hindistanın BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlüyünə arzusu-iddiası fonunda bu məqam daha da dərin məna kəsb edir:

“Əgər BMT TŞ daimi üzvlərinin tərkibi genişlənərsə, ilkin namizəd həqiqətən də Hindistandır və bu, qlobal miqyasda olan bir gözləntidir. Hindistan siyasəti məhz buna hesablanır. “Dünya 5-dən böyükdür” deyən Türkiyə Prezidenti də, “BMT TŞ günümüzün reallıqları ilə uzlaşmır” deyən Azərbaycan Prezidenti də yeni qlobal nizamın aparıcı iştirakçı üzvünə çevrilməyi hədəfləyirlər və bu məqsədlə TŞ strukturunun dəyişdirilməsində maraqlıdırlar.

Lakin, türk dövlətləri ya ayrılıqda, ya kollektiv şəkildə TŞ strukturunda üstün rol qazanmadan Hindistanın müvafiq yüksəlişi heç də arzuolunan nəticələr doğurmaya bilər. Beləliklə, dünya nizamı dəyişməkdədir və dövlətlər yeni nizamda öz mövqelərini gücləndirmək üçün can atırlar”.


MANŞET XƏBƏRLƏRİ