Aİ: ABŞ-ın 30 faizlik tarif planı ticarəti qeyri-mümkün edər.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqının Ticarət üzrə komissarı Maros Şefçoviç ABŞ-ın Aİ-dən idxal olunan məhsullara 30 faizlik gömrük rüsumu tətbiq etmək planına kəskin reaksiya verib. O bildirib ki, belə bir addım Avropa ilə ABŞ arasında ticarəti ciddi şəkildə çətinləşdirə və əməkdaşlığı sarsıda bilər.
Şefçoviç bu açıqlamanı Brüsseldə Avropa İttifaqı ticarət nazirlərinin toplantısı öncəsində jurnalistlərə verib. Onun sözlərinə görə, görüşün əsas mövzusu məhz Aİ-ABŞ ticarət əlaqələrinin gələcəyidir.
Komissar qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Aİ-yə ünvanladığı məktub “kədər və dərin məyusluqla” qarşılanıb.
“Açığını desəm, 30 faizlik tarif fikri ikitərəfli ticarətə ciddi şəkildə mane olacaq,” – deyə o bildirib.
Şefçoviç, Avropa İttifaqının ABŞ-la danışıqlara səmimi və diqqətli yanaşdığını, transatlantik əlaqələrin əməkdaşlığa əsaslanan danışıqlar yolu ilə davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, danışıqların davam etdiyini və tərəflərin 1 avqusta qədər razılıq əldə etməyə çalışdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az