“Gənc Vətənpərvərlər” İctimai Birliyinin “Gələcəyimizə Narkomaniya Girməsin!” layihəsinin yekun tədbiri keçirilib
“Gənc Vətənpərvərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gələcəyimizə Narkomaniya Girməsin!” layihəsi çərçivəsində yekun tədbir təşkil edib.
QHT.az xəbər verir ki, tədbirdə birliyin şöbə müdirləri, AMEA-nın elmi işçisi Pərvanə Əzimova, həkim-psixoloq Sevinc Abbaszadə, Bakı Neft və Energetika Kollecinin pedaqoji heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbiri açan “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Müqavimət Əliyev layihənin məqsədindən danışaraq bildirib ki, əsas hədəf sağlam və aktiv həyat tərzinin təbliği, intizam və komanda ruhunun gücləndirilməsi, narkotik maddələrə qarşı maariflənmənin artırılması və gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın təşviqidir.
Bakı Neft və Energetika Kollecinin tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənov çıxışında qeyd edib ki, insanın şəxsiyyət kimi formalaşmasında ailə mühitinin və ilkin tərbiyənin rolu əvəzsizdir:
“Cəmiyyət nə qədər önəmli olsa da, insanın uşaqlıqda aldığı tərbiyə və böyüdüyü mühit onun gələcək həyat yolunu müəyyən edir. Ailə, xüsusilə ata faktoru uşağın formalaşmasında lokomotiv rolunu oynayır. Əgər ailədə nəzarət zəifdirsə və uşaq mənfi mühitin təsiri altına düşürsə, bu, onu yanlış yollara – narkomaniyaya, cinayətə sürükləyə bilər. Bu gün internet dövründə valideyn nəzarətinin zəifləməsi vəziyyəti daha da çətinləşdirir.”
Həkim-narkoloq Sevinc Abbaszadə isə vurğulayıb ki, narkomaniya ilə mübarizə yalnız dövlət qurumlarının deyil, bütün vətəndaşların iştirakı ilə mümkün ola bilər:
“Yeniyetmə və gənclərin maarifləndirilməsi bu sahədə müqavimətin artmasına səbəb olur. Bu da gələcək nəsillərin sağlam və təhlükəsiz cəmiyyətdə yetişməsi üçün həlledici amildir.”
Tədbirdə qeyd edilib ki, layihə çərçivəsində təhsil ocaqlarında, idman cəmiyyətlərində və kolleclərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirləri təşkil olunub. Bu tədbirlər zamanı iştirakçılara AİDS/QİÇS/İİV və narkomaniya ilə bağlı məlumatlar verilib, həmçinin bu sahədə aparılan dövlət siyasəti və əldə edilən nəticələr barədə danışılıb.
Tədbirdə bu kimi layihələrin davamlı olmasının vacibliyi vurğulanaraq, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusilə vətəndaş cəmiyyətinin fəal iştirakı çağırışı səsləndirilib.
Sonda layihə çərçivəsində hazırlanmış fotoslaydlar və videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.