ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ölkə ərazisindən Böyük Britaniyada yerləşən “Leykenhit” aviabazasına 12 ədəd beşinci nəsil “F-22” qırıcısını göndərib. Gələcək günlərdə bu təyyarələrin Yaxın Şərqə uçması planlaşdırılır.
Turkustan.az xəbər verir ki, bu barədə Amerika “The Aviationist” portalı mənbələrə və peyk görüntülərinə istinadla məlumat verib.
Məlumatda bildirilir ki, qırıcılar artıq Böyük Britaniyada yerləşir və bu aviabaza ABŞ-ın Şimali Amerikadan digər regionlara hava qüvvələrini köçürmək ehtiyacı yarananda əsas bazalardan biri kimi istifadə olunur.
“The War Zone” portalının məlumatına görə, 12 “F-22” təyyarəsi İordaniyada yerləşən “Mavaffika Salti” aviabazasına uçacaq.
“The Aviationist” həmçinin bildirir ki, iyunun 17-18-də ABŞ “Leykenhit” bazasına bir neçə “F-35” “Lightning II” qırıcısı və İtaliyadakı “Aviano” bazasına bir neçə “F-16” “Fighting Falcon” qırıcısı göndərib. ABŞ-dan köçürülən təyyarələr artıq Yaxın Şərqdəki aviabazalara çatıb. Bundan başqa, İsrail və Səudiyyə Ərəbistanına bir neçə “C-17” yük təyyarəsi, ehtimal ki, sursatlarla birlikdə gətirilib. “C-17”lərlə yanaşı, Yaxın Şərqə “KC-135” yanacaq doldurucu təyyarələri də göndərilib. Bu təyyarələrin köçürülməsi barədə daha əvvəl “Associated Press” agentliyi də məlumat yayıb. /Musavat.com/