10 iyun 2025-ci il tarixində Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4.5 bal gücündə zəlzələ baş verib. AFAD-ın məlumatına görə, yeraltı təkanlar yerin 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunaraq əhalidə narahatlıq yaradıb.
Turkustan.az xəbər verir ki, zəlzələdən sonra türkiyəli məşhur seysmoloq, professor Naci Görür rəsmi X (keçmiş Twitter) hesabından bölgə ilə bağlı önəmli açıqlama verib. O bildirib ki, son vaxtlar Karakoca, Yemişli və Eğriler ərazilərində 4 bal ətrafında bir neçə zəlzələ baş verib. Son zəlzələ isə Eğriler-Simav arasında qeydə alınıb.
“Bu zəlzələlər Naşa Fay Zonasına və ya onunla KB-GD istiqamətində birləşən digər fay üzərində baş verir. Bu isə bölgədə K-G (kuzey-güney) istiqamətində bir gərginlik olduğunu göstərir”, - o qeyd edib.
Görür paylaşımında xüsusilə bir məsələyə diqqət çəkib. O bildirib ki, zəlzələyə davamlı yaşayış sahələri tələb edilməlidir.
O, bölgədəki aktiv fay xətləri səbəbilə bu kimi təkanların davam edə biləcəyini vurğulayıb və yerli hakimiyyəti zəlzələ təhlükəsinə qarşı planlı və ciddi addımlar atmağa çağırıb.
Hazırda zəlzələ nəticəsində ciddi dağıntı və ya insan itkisi barədə məlumat yoxdur. Lakin bölgədəki seysmik aktivlik nəzərə alınaraq, mütəxəssislər yaxın günlərdə əlavə yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq edirlər. Əhali isə diqqətli və hazırlıqlı olmağa çağırılır. /Musavat.com/