Əhalinin nəzərinə: Qaz, işıq və su tarifləri ilə mühüm xəbər – RƏSMİ


Xəbər verdiyimiz kimi, Azərbaycanda “Elektroenergetika haqqında” qanuna dəyişikliklər ediləcək. Buna əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq olunacaq. Həmçinin “Qaz təchizatı haqqında” yeni qanun layihəsində də sabit tariflər nəzərdə tutulub. Sözügedən məsələ cəmiyyətdə müzakirələrə səbəb olub və müxtəlif suallar doğurub. Digər tərəfdən, su tarifləri ilə bağlı mövzu gündəmə gəlib.

Sabit tarifin tətbiqi nə vəd edir? Digər kommunal xidmətlərlə əlaqəli də addımlar atıla bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, bu qanun layihəsi hökumətin kommunal xidmətlər sahəsində daha dayanıqlı və davamlı bir modelə keçmək niyyətini göstərir:

Xalid Kərimli

“Qanun hələ layihə mərhələsindədir. Parlamentə təqdim olunduqdan sonra yaxın gələcəkdə əhəmiyyətli dəyişikliklər gözlənilə bilər. Yeni modelə əsasən, vətəndaş elektrik enerjisi və qazdan istifadə etməsə belə, müəyyən olunmuş minimal məbləği ödəyəcək. Bu yanaşma ABŞ, Avropa ölkələri, Qazaxıstan və Türkiyədə geniş şəkildə tətbiq olunur. Əsas məqsəd enerji infrastrukturunun daim işlək vəziyyətdə saxlanması, xidmətlərin fasiləsiz təşkili və qəza hallarında operativ müdaxilələr üçün zəruri olan xərclərin qarşılanmasıdır. Vətəndaş enerji istifadə etmədikdə belə, sistem işləməyə davam edir və bu da dövlət üçün maliyyə yükü yaradır. Yeni model bu xərclərin bir hissəsinin istifadəçilər tərəfindən ödənilməsini nəzərdə tutur”.

Su tarifləri ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən bildirildi ki, hazırda su ilə bağlı belə bir sabit tarifin tətbiqi nəzərdə tutulmur:

“Ümumiyyətlə, tarif mövzusunda hər hansı dəyişikliyin tətbiqi gündəmdə deyil”.


MANŞET XƏBƏRLƏRİ