Trampın adının da hallandığı cinayət işində müəmmallar hələ də qalır; “Epşeynt ölməyib” iddiası
ABŞ prezidenti Donald Trampın adın insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə çəkilir. Bu barədə amerikalı milyarder İlon Mask sahibi olduğu X sosial şəbəkəsində yazıb. “Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun, D. C. T. (Donald Con Tramp – red.)!”, – o vurğulayıb.
Musavat.com Maskın dediyi məşhur cinayət işi ilə bağlı təfərrütları təqdim edir.
Koronavirusun dünyaya ayaq açmağa hazırlaşdığı bir vaxtda- 2019-cu ilin iyul ayının 6-da ABŞ-da sensasion həbs gerçəkləşir. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Fransadan ABŞ-a qayıdan məşhur milyarder Ceffri Epşteyni Nyu-Cersi aeroportunda həbs edir. Ona uşaqbazlıq, cinsi istismar və insan alveri ittihamı elan olunur.
2005-ci ildə də Ceffri eyni ittihamlarla saxlanılmış və gözlənilmədən “istintaqla əməkdaşlığa razılıq vermiş” və sonda ilyarımlıq yüngül cəza ilə canını qurtarmışdı.
Bu dəfə isə onun havadarlarının istintaqın gedişatına təsir göstərə bilməmələri üçün FTB onun üzərindəki bütün “çirkləri” mətbuata tökməyə başladı. Bir həftə sonra ABŞ-ın əmək naziri, sabiq prokuror Akosta istefa verdi. Çünki 2005-ci ildə, vaxtilə Ceffri həbs edilərkən, prokuror məhz Akosta olmuşdu və həmin “istintaqla əməkdaşlıq” deyilən saziş qanunsuz bağlanmış, böyük bir şəbəkə diqqətdən kənarda qalmışdı.
Ceffrinin həbsi ilə dərhal maraqlı faktlar üzə çıxmağa başladı. Məlum oldu ki, Ceffri 14-16 yaşındakı qızları nəinki istismar edib, həm də onları özünün nüfuzlu siyasətçi, varlı dostları ilə “bölüşüb” də. Onun iqamətgahında azyaşlı və yeniyetmələrlə eşqbazlığa dair böyük bir video və foto arxiv tapdılar. Orgiyalar yalnız milyarderin Manhettendəki iqamətgahında, “Zorro” rançosunda deyil, Karib dənizindəki şəxsi Müqəddəs Ceyms adasında- ona “pedofillər adası” da deyirmişlər - olub. Gizli kameralar qurulmuş yerlərdə seks əyləncəsi çəkilişləri isə varlı və tanınmış pedofillərin mümkün şantajına görə qeydə alınıb.
Ceffrinin təkcə yaxtası deyil, şəxsi “Boeing”i də lüks çarpayılarla təchiz olunubmuş. Ələ keçən qeydlərdən məlum oldu ki, “uçan sevgi layneri”ndə məsələn, Bill Klinton 26 dəfə qonaq olub.
Epsteynin "qara telefon kitabı" isə əsl sensasiya yaratdı. Dəftərçədə yüzlərlə əlaqə nömrəsi vardı. Kimlərin? İngiltərə, İspaniya, İsrailin sabiq baş nazirləri, Səudiyyə şahzadələrinin, Kennedi, Rokfeller və Rotşild klanlarının üzvləri, Tramp kimi milyarderlər, siyasətçilər, elm adamları, səfirlər, Klintonun ondan çox köməkçisinin əlaqə telefonları... Daha kimlər? Maykl Cekson, Naomi Kempbell, Madonna və başqa ulduzların əlaqə nömrələri...Dəftərçədə təkcə İngiltərə kraliçasının oğlu şahzadə Endryünün özünün və köməkçilərinin 15 telefon nömrəsi vardı.
Bu məqamda mətbuata ittiham şahidlərindən birinin - Viktoriya Robertsin ifadələri sızdırıldı. 15 yaşında o, Epsteynin "masajçısı" kimi seks köləliyinə cəlb edilmişdi. Ceffri onu İngiltərə şahzadəsi Endryü və digər zəngin dostları ilə də "paylaşmışdı". Dediklərini sübut etmək üçün istintaqa Viktoriyanın Endryü ilə birlikdə olduğu fotoşəkili təqdim etdi.
Bu cinayət şəbəkəsi ilə bağlı ən kütləvi sızma 2019-cu ilin 9 avqustunda baş verdi. Epşteyn davasında təxminən iki min səhifəlik gizli sənədlər, o cümlədən telefon danışıqlarının mətni mətbuata ötürüldü.
Avqustun 10-da isə Manhetten federal həbsxanasının xüsusi blokundakı kamerada Ceffrinin cansız bədənini tapdılar. Hər yarım saatdan bir nəzarətçinin yoxladığı kamerada Ceffrinin özünü necə asması müəmma kimi qaldı. ABŞ-ın baş prokuroru Uilyam Barr etiraf etdi ki, Cefrinin özünü öldürməsi ilə bağlı şübhəli məqamlar çoxdur.
ABŞ-ın bir sıra sui-qəsd nəzəriyyəçiləri hələ də hesab edirlər ki, bu intiharda Bill və Hillari Klintonların əli var. Məşhur komediyaçı Terrens Uilyams Ceffrinin sui-qəsdindən ayyarım əvvəl belə bir “tvit” yazır: "Ceffri Epşteynin Klintonlara yaxın olduğunu bildik və indi onu intihar gözləyir!” Komediyaçının dediyi ayyarım sonra doğrulur...
Belə bir versiya da var ki, Epşteyn ifşaedici ifadəsi müqabilində həbsxanada intihar etməyə “icazə verilib” və əslində o, sağdır...